BAKI, 23 mart. TELEQRAF

Livan hökuməti İsraillə danışıqlara hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “Əl-Hədəs” telekanalı məlumat yayıb.

Məlumata görə, Livanın baş naziri Nəvvaf Salam ölkəsinin münaqişənin həlli üçün ikitərəfli danışıqlara başlamaq niyyətində olduğunu bildirib.

“Biz İsraillə danışıqlara qoyulan əvvəlki qadağanı aradan qaldırmışıq və hazırda bu istiqamətdə dialoq aparacaq nümayəndə heyətinin formalaşdırılması üzərində işləyirik”, - deyə o qeyd edib.

Baş nazir əlavə edib ki, qarşıdakı görüşlərin gündəliyi də müzakirə olunur.

Nəvvaf Salam həmçinin martın 19-da ABŞ Prezidenti Donald Trampa müraciət edərək hərbi əməliyyatların dayandırılmasına dəstək verməsini xahiş etdiyini bildirib.

“İsraillə dərhal danışıqlara hazır olduğumuzu bəyan etmişəm. Bu münaqişə yalnız diplomatik yolla həll oluna bilər”, - deyə o vurğulayıb.