BAKI, 28 fevral. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana qarşı həyata keçirdiyi son hücumları kəskin pisləyib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı rəsmi çıxışında bildirib.

Prezident vurğulayıb ki, İranın suverenliyini açıq şəkildə pozan və dinc əhalinin hüzuruna qəsd edən bu hücumlar qəzəblə qarşılanır.

O, rəsmi Ankaranın uzun müddətdir regiondakı münaqişələrin dialoq yolu ilə həlli üçün ciddi səylər göstərdiyini xatırladıb:

"Qonşumuz İrana qarşı Netanyahu (İsrailin Baş naziri-red.) administrasiyasının nifrət nitqi ilə başlayan hücumlardan dərin üzüntü və narahatlıq duyuruq. Əgər diplomatiyaya meydan verilməsə, bölgəmiz tamamilə bir atəş çənbərinə sürüklənmə riski ilə qarşı-qarşıya qalacaq".

Ərdoğan həmçinin qeyd edib ki, regionda sülhün və sabitliyin bərpası üçün beynəlxalq ictimaiyyət daha aktiv rol oynamalı və gərginliyi artıran addımlardan çəkinməlidir.