BAKI, 28 fevral. TELEQRAF

Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, nazirlər ABŞ və İsrailin İrana qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyatları və regiondakı son vəziyyəti müzakirə ediblər.

İran tərəfinin təşəbbüsü ilə baş tutan danışıq zamanı Abbas Əraqçi ABŞ və İsrailin hücumlarını dəf etmək üçün görülən addımlar barədə məlumat verib. O, bu hücumların İranın nüvə proqramı ətrafındakı sülh danışıqlarını növbəti dəfə pozduğunu bildirib və BMT Təhlükəsizlik Şurasının təcili toplanacağını qeyd edib.

Sergey Lavrov isə öz növbəsində heç bir səbəb olmadan həyata keçirilən bu hücumu pisləyib. O, hərbi əməliyyatların beynəlxalq hüquq normalarına zidd olduğunu və regional təhlükəsizliyə ağır zərbə vurduğunu vurğulayıb.

Rusiya XİN rəhbəri hücumların dərhal dayandırılmasının və diplomatik yollara qayıtmağın vacibliyini qeyd edərək, BMT çərçivəsində sülh prosesinə dəstək verməyə hazır olduqlarını bildirib.

Xatırladaq ki, bu gün səhər saatlarında ABŞ Prezidenti Donald Tramp İsrail ilə koordinasiyalı şəkildə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların başladığını elan edib. Artıq İranın hərbi obyektlərinə və raket sənayesi infrastrukturuna silsilə zərbələr endirildiyi bildirilir.