BAKI, 28 fevral. TELEQRAF

İsrail Müdafiə Qüvvələri (SAXAL) İranda davam edən hərbi əməliyyatlar fonunda yerli əhaliyə müraciət edib.

Teleqraf xəbər verir ki, İsrail ordusunun farsdilli sözçüsü Kamal Pəncasi İran boyu hərbi sənaye müəssisələrinin və hərbi infrastruktur obyektlərinin daxilində və ya yaxınlığında olan bütün şəxslərə təcili xəbərdarlıq ünvanlayıb.

O, mülki şəxslərin həyatını təhlükəyə atmaması üçün dərhal həmin ərazilərdən uzaqlaşmağa çağırıb:

"Siz hazırda təhlükəli silah və hərbi qurğuların yaxınlığındasınız. Əziz vətəndaşlar, təhlükəsizliyiniz və sağlamlığınız üçün sizdən xahiş edirik ki, dərhal bu yerləri tərk edin və növbəti xəbərdarlığa qədər bu ərazilərdən kənarda qalın. Bu ərazilərdə olmağınız həyatınızı birbaşa təhlükəyə atır".

Xatırladaq ki, bu gün səhər saatlarında ABŞ Prezidenti Donald Tramp İsrail ilə koordinasiyalı şəkildə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların başladığını elan edib. Artıq İranın hərbi obyektlərinə və raket sənayesi infrastrukturuna silsilə zərbələr endirildiyi bildirilir.