BAKI, 15 fevral. TELEQRAF

Türkiyənin ilk atom elektrik stansiyası (AES) olan "Akkuyu"nun birinci enerji blokunun tikintisi 99% tamamlanıb və bu il istismara verilməsi planlaşdırılır.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bəyan edib.

Nazir bildirib ki, hökumətin əsas hədəfi 2026-cı il ərzində stansiyada elektrik enerjisi istehsalına başlamaqdır:

"Hədəfimiz bu il 'Akkuyu'nun birinci reaktorunda enerji istehsalına başlamaq və mərhələli şəkildə digər reaktorları da istismara verməkdir. Dörd reaktorun hamısı işə düşdükdən sonra biz ölkənin elektrik enerjisinə olan tələbatının 10 faizini məhz bu mənbə hesabına ödəyəcəyik".

A.Bayraktar Türkiyənin nüvə enerjisi sahəsindəki gələcək planlarına da toxunub. O, Sinop və Trakya bölgələrində daha iki atom elektrik stansiyasının inşa ediləcəyini qeyd edib. Nazirin sözlərinə görə, bu layihələrin reallaşması ilə "Türkiyə əhəmiyyətli nüvə gücünə malik ölkəyə çevriləcək".

Qeyd edək ki, "Akkuyu" AES Türkiyənin ilk atom elektrik stansiyası olaraq Rusiyanın "Rosatom" dövlət korporasiyası tərəfindən inşa edilir. Layihə Rusiya istehsalı olan "3+" nəslinə aid VVER tipli reaktorlarla təchiz edilmiş dörd enerji blokundan ibarətdir. Hər bir blokun gücü 1200 MVt təşkil edəcək.