BAKI, 6 fevral. TELEQRAF

Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ölkəyə real iqtisadi faydalar gətirir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.

Səfirin sözlərinə görə, Ermənistan bu ittifaqa daxil olduqdan sonra ölkənin Ümumi Daxili Məhsulu (ÜDM) 2,5 dəfə artıb:

"2025-ci ilin ilk 10 ayında Ermənistanın ümumi ixracı 6,4 milyard dollar təşkil edib. Bu məbləğin 41%-i (2,6 milyard dollar) Aİİ ölkələrinin, xüsusilə də 37%-i birbaşa Rusiyanın payına düşür".

S. Kopırkin Avropa İttifaqının Ermənistana bu səviyyədə iqtisadi-sosial inkişaf keyfiyyəti zəmanəti verib-verə bilməyəcəyini sual altına qoyub:

"Aİ-yə üzvlük Ermənistanın iqtisadi inkişaf keyfiyyətini qoruya biləcəkmi?".

Xatırladaq ki, Ermənistan aprelin 4-də 2025-ci ildə Avropa İttifaqına üzvlük prosesinə başlamaq haqqında qanunu imzalayıb. Rəsmi Moskva bu addımı Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxışının başlanğıcı kimi qiymətləndirir. Rusiya tərəfi vurğulayıb ki, eyni vaxtda hər iki iqtisadi ittifaqda təmsil olunmaq hüquqi və texniki baxımdan mümkün deyil.