BAKI, 6 fevral. TELEQRAF
Bu gün ABŞ və İran arasında Omanda keçirilməsi planlaşdırılan danışıqların təfərrüatları bəlli olub.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin "Haaretz" qəzeti Yaxın Şərq hökumətlərindən birinə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton və Tehran arasındakı müzakirələr yalnız İranın nüvə proqramı ətrafında aparılacaq.
ABŞ tərəfi İranın ballistik raket proqramını və Yaxın Şərqdəki ümumi təhlükəsizlik məsələlərini danışıqlar gündəliyindən çıxarmağa razılıq verib.
Vaşinqtonun bu güzəştə getməsində regionun əsas oyunçuları olan Qətər, Səudiyyə Ərəbistanı və Omanın diplomatik təsiri həlledici rol oynayıb.
Qeyd edilib ki, Yaxın Şərq ölkələri regionda hərbi gərginliyin artmasından narahatdırlar və bu səbəbdən ABŞ-yə hərbi ssenarilərdən imtina edərək məsələni yalnız diplomatik yolla həll etmək üçün təzyiq göstərirlər.