BAKI, 2 fevral. TELEQRAF
Polşada qış mövsümünün əvvəlindən etibarən aşağı temperatur səbəbindən 54 nəfər həyatını itirib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin daxili işlər və administrasiya nazirinin müavini Veslav Şçepanski jurnalistlərə açıqlamasında bildirib.
Rəsmi şəxs qeyd edib ki, hazırda ölkədə güclü soyuqlar dalğası pik həddə çatıb. Ölənlərlə yanaşı, daha 36 nəfərin hipotermiya nəticəsində xəsarət aldığı barədə məlumat var.
Şçepanskinin sözlərinə görə, ən çox risk altında olanlar tərk edilmiş binalarda və isidilməyən məkanlarda gecələyən şəxslərdir.
O, bir daha çağırış edərək bildirib ki, istifadəsiz tikililərdə yaşayan insanlar daha isti şərait olan yerlərə köçürülməlidir.
Nazir müavini həmçinin qarşıdakı gecənin qışın əvvəlindən bəri ən soyuq gecə olacağı barədə xəbərdarlıq edib.