"Wikipedia" onlayn ensiklopediyasının operatoru olan "Wikimedia Foundation" portalın fəaliyyət göstərdiyi bütün dövr ərzində ən çox oxunan məqalələrin siyahısını tərtib edib.

Teleqraf xəbər verir ki, bu barədə "Popular Science" jurnalı məlumat yayıb.

Məlumata görə, istifadəçilər ən çox “İllər üzrə ölümlərin siyahısı” adlı məqaləni axtarıblar. Sözügedən səhifə 647 milyondan çox dəfə baxılıb.

İkinci yerdə ABŞ haqqında məqalə (328 milyondan çox baxış), üçüncü yerdə isə ABŞ-nin prezidenti Donald Tramp barədə məlumatlar (325 milyondan çox baxış) qərarlaşıb.

Dördüncü və beşinci yerləri Böyük Britaniyada 1952-2022-ci illərdə taxtda olmuş II Yelizaveta haqqında məqalə və Hindistanla bağlı məlumatlar tutur.

Ən populyar onluğa, həmçinin portuqaliyalı futbolçu Kriştianu Ronaldo, ABŞ-nin 44-cü prezidenti Barak Obama, amerikalı sahibkar İlon Mask, İkinci Dünya müharibəsi və Birləşmiş Krallıq haqqında məqalələr də daxil olub.

Qeyd edək ki, "Wikipedia" 15 yanvar 2001-ci ildə fəaliyyətə başlayıb. Ensiklopediyada 300-dən çox dildə yazılmış 65 milyondan artıq məqalə mövcuddur. Bu materiallar hər ay istifadəçilər tərəfindən 15 milyard dəfədən çox oxunur.