BAKI, 7 yanvar. TELEQRAF

NATO-nun baş katibi Mark Rutte Qrenlandiyanın ərazisinə əlavə ABŞ qoşunlarının yerləşdirilməsi ilə bağlı müzakirələrə açıq olması yönündə iddialara aydınlıq gətirib.

Teleqraf xəbər verir ki, Rutte CNN-ə müsahibəsində Qrenlandiya ərazisinə əlavə ABŞ qoşunlarının yerləşdirilməsi məsələsini müzakirə etməyə açıq olduğunu deyib:

"Bununla bağlı heç bir problem yoxdur, hətta müvafiq razılaşmalar mövcuddur".

ABŞ Prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin vacibliyini bildirib. Birinci prezidentlik müddətində o, Qrenlandiyanı satın almağı təklif etmişdi. 2025-ci ilin martında isə adanın ilhaq edilə biləcəyinə əminliyini ifadə edərək, təklif rədd ediləcəyi təqdirdə Kopenhageni ticarət tarifləri ilə hədələmişdi. Danimarkanın Baş naziri Mette Frederiksen bu iddiaları rədd edərək, adanın krallığın bir hissəsi olduğunu vurğulayıb.