BAKI, 4 yanvar. TELEQRAF

"Kanada Venesuelada azadlıq, demokratiya, sülh və rifah üçün şərait yaratmaq fürsətini alqışlayır və xalqının öz gələcəyini qurmaq hüququnu dəstəkləyir".

Teleqraf xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni sosial mediada yazıb.

"2025-ci ilin mart ayında yeni Kanada hökumətinin ilk addımlarından biri qəddar, repressiv və cinayətkar Maduro rejiminə qarşı əlavə sanksiyalar tətbiq etmək idi", - deyə o xatırladıb.

Baş nazir bildirib ki, ölkəsi 2018-ci il saxta seçkilərdən bəri qanunsuz Maduro rejimini tanımır və xalqın demokratik iradəsinə hörmət edən dinc, danışıqlar yolu ilə və Venesuelanın rəhbərliyi ilə aparılan siyasi keçid prosesini dəstəkləyir: "Eyni zamanda, Kanada bütün tərəfləri beynəlxalq hüquqa hörmət etməyə çağırır".

Karni vurğulayıb ki, "Biz Venesuela xalqının qərar qəbul etmək və dinc və demokratik cəmiyyət olaraq öz gələcəyini qurmaq kimi suveren hüququnu dəstəkləyirik".

O qeyd etdi ki, Kanada çoxtərəfli əməkdaşlıq yolu ilə böhranların həllinə böyük əhəmiyyət verir və Venesueladakı hadisələrlə bağlı beynəlxalq tərəfdaşlarla sıx əlaqə saxlayır.

Kanadanın Baş naziri əlavə edib ki, "İlk növbədə, biz konsulluq xidmətləri və Boqotadakı səfirlik vasitəsilə kanadalılara kömək etməyə hazırıq və Venesuela qaçqınlarına dəstək verməyə davam edəcəyik".