BAKI, 27 dekabr. TELEQRAF

ABŞ-nin müdafiə naziri Pit Heqset Nigeriyanın şimal-qərbində İŞİD mövqelərinə qarşı yeni zərbələrin endiriləcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, Heqset bu barədə "X" sosial şəbəkəsində paylaşım edərək bildirib: “Prezident ötən ay açıq şəkildə vurğuladı ki, Nigeriyada (və digər yerlərdə) günahsız xristianların öldürülməsi dayanmalıdır. Pentaqon hər zaman hazırdır. İŞİD bunu Milad gecəsi anladı. Daha çoxu gələcək”.

Nigeriyanın xarici işlər naziri Yusuf Tuqqar isə ABŞ-nin hava zərbələrinin birgə davam edən əməliyyatların tərkib hissəsi olduğunu açıqlayıb. Onun sözlərinə görə, Nigeriya tərəfi Sokoto ştatında həyata keçirilən zərbələr üçün kəşfiyyat məlumatları təqdim edib.

Tuqqar bildirib ki, ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığından sonra Nigeriya prezidenti Bola Tinubudan razılıq alınıb və əməliyyatlar koordinasiyalı şəkildə icra olunub.

“Bu, terrorizmlə mübarizədə əməkdaşlıqdır. Məqsəd günahsız nigeriyalıların həyatını qorumaqdır”, – deyə nazir vurğulayıb.

ABŞ Afrika Komandanlığı (AFRICOM) da zərbələrin Nigeriya hakimiyyətinin razılığı ilə həyata keçirildiyini təsdiqləyib. Hələlik zərbələr nəticəsində ölənlər barədə rəsmi məlumat açıqlanmayıb.

Yerli sakinlərin sözlərinə görə, Sokoto ştatının Jabo kəndində endirilən zərbələr zamanı panika yaşansa da, mülki itkilər qeydə alınmayıb. Ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

Qeyd edək ki, Nigeriya dünyəvi dövlətdir və əhalinin təxminən 53 faizi müsəlman, 45 faizi xristiandır. Hökumət dəfələrlə bildirib ki, silahlı qruplar hücumlarını dini mənsubiyyətə görə deyil, ümumi terror məqsədləri ilə həyata keçirirlər.