BAKI, 16 dekabr. TELEQRAF
Almaniyada aparılan müzakirələrdə bir sıra məsələ üzrə irəliləyiş əldə olundu, lakin qarşı tərəfin nəticələri necə qəbul edəcəyini bilmirəm.
Teleqraf xəbər verir ki, bunu sülh danışıqları ilə əlaqədar Berlində səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Kansleri Fridrix Merz ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müzakirələrdə yer alan bəzi məsələlər Ukraynanın mövqeyinə zidd olub: "Mənim üçün Ukraynanın ləyaqəti və ərazi məsələləri çox əhəmiyyətlidir. Bu, çox ağrılı məsələdir. Rusiya çox şey istəyir”.
Görüşdə Ukraynanın mövqeyinin ABŞ tərəfinə aydın şəkildə çatdırıldığını deyən V.Zelenski bildirib: “Çox şadam ki, biz bir-birimizi eşitdik. Məncə, amerika tərəf vasitəçi kimi müxtəlif addımlar təklif edəcək ki, müəyyən konsensus əldə olunsun. Ümid edirəm ki, bu məsələlərdə ABŞ öz vasitəçilik rolunu davam etdirəcək. Bu, bizim üçün perspektivli olar”.
Ukraynanın bərpası məsələsinə də toxunan V.Zelenski deyib: “Biz burada dialoq aparmalıyıq. Biz hər şeyi edəcəyik ki, təhlükəsizlik zəmanətləri, maliyyə məsələsinin kimlərin ödəyəcəyinə dair çox aydın cavablar tapa bilək. Bilməliyik ki, maliyyələşmə mənbələri haradan gələcək və necə təmin olunmalıdır”.