BAKI, 30 yanvar. TELEQRAF
ABŞ-nin Ermənistandakı səfirliyinin İxracata Nəzarət və Sərhəd Təhlükəsizliyi (EXBS) proqramı çərçivəsində Ermənistanın gömrük sisteminin modernləşdirilməsi məqsədilə 3,5 milyon ABŞ dolları vəsait ayrılıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, ABŞ-nin "S2 Global Corporation" şirkətinin nümayəndə heyəti Ermənistan Dövlət Gəlirləri Komitəsinin (DGK) sədri Edvard Akobyanla görüşüb. Görüşdə Ermənistanda "CertScan Inspection" inteqrasiya platformasının tətbiqi işləri müzakirə olunub.
Yeni platformanın əsas özəlliyi müxtəlif sərhəd-keçid məntəqələrində quraşdırılmış rentgen skan sistemlərindən alınan təsvirlərin vahid mərkəzdə cəmləşdirilməsidir. Bu sistem imkan verəcək ki, bütün skan görüntüləri İrəvanda yerləşən mərkəzi qərargahdan idarə olunsun, sərhəd təhlükəsizliyi gücləndirilsin, şübhəli yüklərin aşkar edilməsi sürətlənsin və gömrük rəsmiləşdirilməsi prosesi rəqəmsallaşdırılsın.
Vurğulanıb ki, bu platformanın tətbiqi həm də "Tramp Marşrutu" (TRIPP) layihəsinin hədəflərinə xidmət edir. Sistem regional ticarət və kommunikasiya xətlərinin genişləndirilməsi üçün əlverişli zəmin yaradacaq, həmçinin risklərin idarə olunmasını təkmilləşdirəcək.