BAKI, 8 dekabr. TELEQRAF

Avropa Şurasının prezidenti Antoniu Koşta ABŞ-nin "Milli Təhlükəsizlik Strategiyası"nda Avropa ilə bağlı qeyd edilənləri kəskin tənqid edib.

Teleqraf xəbər verir ki, Koştanın sözlərinə görə, Vaşinqtonun Avropa vətəndaşları üçün hansı siyasəti doğru saymaq və ya kimə səs verməli olduqarına qərar vermək hüququ yoxdur.

Antoniu Koşta bu fikirləri ABŞ Milli Təhlükəsizlik Strategiyasını yeniləməsindən, Avropanı kursunu dəyişməyə çağırmasından və Brüsselin siyasətinə müqavimət göstərən "vətənpərvər Avropa partiyalarını" tərifləməsindən sonra səsləndirib.

33 səhifəlik sənəddə iddia edilir ki, düşünülməmiş iqtisadi siyasət, qanunsuz miqrasiya və həddindən artıq tənzimləmə Avropanın bir sivilizasiya kimi məhvinə səbəb ola bilər.

Antoniu Koşta hesab edir ki, müttəfiq öz müttəfiqinin siyasi həyatına və ya daxili demokratik seçimlərinə müdaxilə etməməlidir.

Avropa Şurasının prezidenti bildirib ki, ABŞ müttəfiq və tərəfdaş olaraq qalır, amma Avropa daha güclü və suveren olmalıdır: "Beynəlxalq səviyyədə güclü olmaq istəyirsinizsə, daxildə də güclü olmalısınız".

"Avropa qlobal səhnədə öz güclü və imkanlarına daha çox əmin olmalıdır" - Antoniu Koşta əlavə edib.