BAKI, 16 oktyabr. TELEQRAF
ABŞ Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurası (NTSB) “Titan” batiskafının qəzaya uğramasının səbəbini açıqlayıb.
Teleqraf xəbər verir ki, hesabat dərin su tədqiqat aparatının layihə səhvi nəticəsində partladığını göstərib.
Mütəxəssislərin qənaətinə əsasən, batiskafın gövdəsi möhkəmlik və davamlılıq standartlarına cavab verməyib. Aparat dərinlik sınaqlarından keçmədiyinə görə “Titan”ı istismar edən "OceanGate" şirkəti bu problemi müəyyən edə bilməyib.
Hesabatda bildirilir ki, batiskafın mərkəzi hissəsini təşkil edən karbon lifli boru qat-qat ayrılıb və mənşəyi məlum olmayan zədələr vəziyyəti daha da pisləşdirib. Bu zədələr daxili konstruksiyaya təsir göstərərək “Titan”ın yüksək təzyiqə davamlı gövdəsinin deformasiyasına və nəticədə partlayışa səbəb olub.
Qeyd edək ki, “Titan” 2023-cü ildə Atlantik okeanında “Titanik” gəmisinin qalıqlarına eniş zamanı partlamış, göyərtədə olan beş nəfər həlak olmuşdu.