BAKI, 16 oktyabr. TELEQRAF
Avropa İttifaqı (Aİ) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əsasən, filtrli siqaretlərin və elektron siqaretlərin tam qadağan edilməsini nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.
Aİ Şurasının hazırladığı qətnamə layihəsinə əsasən, bu məsələ noyabr ayında Cenevrədə keçiriləcək ÜST konfransında müzakirə olunacaq. Sənəddə qeyd olunur ki, filtrli siqaretlərin istehsalına, idxalına, satışına və paylanmasına qadağa qoyulması tütün istifadəsinin azaldılmasına mühüm töhfə verəcək.
ÜST-ün tütün məmulatlarının tənzimlənməsi üzrə tədqiqat qrupu da siqaretlərin dadını və cazibəsini azaldan filtrlərin qadağan edilməsini birbaşa tövsiyə edib.
Bild yazır ki, Almaniyada satılan siqaretlərin təxminən 95 faizi filtrlidir. Buna görə də, bu qərar qəbul olunsa, faktiki olaraq siqaretlərin böyük hissəsinin bazardan çıxarılması demək olacaq.