BAKI, 11 avqust. TELEQRAF

ABŞ və Koreya Respublikasının birgə keçirəcəkləri “Ulchi Freedom Shield” təlimləri regionda təhlükəsizliklə bağlı vəziyyəti pisləşdirir.

Teleqraf xəbər verir ki, bu barədə Koreya Xalq Demokratik Respublikasının (KXDR) müdafiə naziri No Qvan Çxol bəyan edib.

KXDR-in müdafiə naziri BMT komandanlığı ölkələrinin silahlı qüvvələrinin təlimlərdə iştirakına, bütün sahələrdə təlimlərin keçirilməsinə və "təkcə KXDR-ə deyil, həm də regional ölkələrə qarşı yönəlmiş" müharibə metodlarının sınaqdan keçirilməsinə diqqət çəkib.

"Biz ABŞ və Koreya Respublikasının KXDR ilə hərbi qarşıdurmaya can atdıqlarını nümayiş etdirən və Koreya yarımadasında təhlükəsizliklə bağlı vəziyyətə ciddi təhlükə yaradan təxribatçı hərəkətləri qətiyyətlə pisləyirik", - nazir bildirib. O, təlimlərin ciddi fəsadlarının ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Xatırladaq ki, daha əvvəl Koreya Respublikası və ABŞ Silahlı Qüvvələri 18-28 avqust tarixlərində ənənəvi genişmiqyaslı “Ulchi Freedom Shield” təlimlərinin keçiriləcəyini bəyan ediblər, manevrlərin bir hissəsi isə sentyabr ayına planlaşdırılıb.