BAKI, 6 avqust. TELEQRAF

İranda bir nəfər İsrailin xüsusi xidmət orqanı "Mossad"la əməkdaşlıq etdiyinə görə edam olunub.

Teleqraf xəbər verir ki, bu barədə "Mehr" məlumat yayıb.

Bildirilir ki, o, iranlı nüvə fizikinin yerini "Mossad"a bildirib və nəticədə həmin şəxs İsrailin hücumu zamanı həlak olub.

"Edam edilən şəxs dövlət qurumunda işləyib və gizli məlumatlara çıxışı olub. O, internet vasitəsilə "Mossad" tərəfindən ələ alınıb və Vyanada bir neçə dəfə agentlərlə görüşüb. Həmin şəxs "Mossad”a mütəmadi olaraq gizli məlumatlar göndərib və qarşılığında pul alıb",- məlumatda deyilir.

Qeyd edilir ki, İranın təhlükəsizlik orqanları onu izləyib və ifşa edildikdən dərhal sonra həbs ediblər. Şəxs günahını etiraf etdikdən sonra məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib.