BAKI, 23 iyun. TELEQRAF

Tramp administrasiyası ötən həftəsonu İranın nüvə obyektlərinə zərbələr endirilməsindən sonra Tehranın cavab verəcəyini gözləyirdi.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin adı açıqlanmayan yüksək rütbəli rəsmisi CNN-ə bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp regionda hərbi münaqişələrin sayının artmasını istəmir.

"Biz onların cavab verəcəyini bilirdik. Süleymanidən sonra da oxşar reaksiyaları olmuşdu", - Ağ Ev rəsmisi 2020-ci ildə ABŞ-nin hava zərbəsi ilə öldürülən İranın İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaniyə işarə edərək bildirib.

Onun sözlərinə görə, ilkin qiymətləndirmələrə əsasən İranın atdığı raketlər nəzərdə tutulan hədəflərə dəyməyib.

Ağ Ev nümayəndəsi deyib ki, Tramp lazım gələrsə ABŞ-nin hərbi iştirakını artırmağa hazırdır.