BAKI, 1 iyun. TELEQRAF
"Rusiyanın Ukraynaya təcavüzünə görə məsuliyyət Avropanın və dünyanın çiynindədir, çünki bütün böyük dövlətlər Putinin planlarını bilirdilər, lakin onları ciddi qəbul etmirdilər".
Bunu ABŞ-nin 70-ci dövlət katibi Mayk Pompeo Odessada keçirilən Qara Dəniz Təhlükəsizliyi Forumunda deyib.
O bildirib: "Biz anı əldən verdik. Hətta Avropanı Rusiya qoşunlarının tammiqyaslı hücumu ilə barədə xəbərdarlıq edəndə də o, bunu qulaqardına vurdu. Sonrakı nəticəni də gördük".
M.Pompeo əlavə edib ki, Amerika Birləşmiş Ştatları Ukraynanı dəstəkləməkdən imtina etməyəcək, çünki əks halda bu, bütün gələcək tarix boyu onları təqib edəcək.
O, təcavüzkardan istənilən sülh gözləntilərini təhlükəli illüziya adlandırıb və təkid edib ki, Ukrayna güzəştlərlə deyil, yalnız Rusiyaya qarşı sərt sanksiyalar və müttəfiqlərinin köməyi sayəsində qalib gələcək: “Bu, Putinin “Mən müharibəni dayandırmaq istəyirəm” deməsi ilə bitməyəcək. Şər mövcuddur, o, ukraynalıların arzuladığı azadlığı və iradəsini onların əlindən almaq istəyir... Putin könüllü olaraq danışıqlar masasına oturmayacaq və otursa belə, sadəcə olaraq, Ukrayna, Avropa və ABŞ üçün qəbuledilməz şərtləri irəli sürmək üçün oturacaq”.
O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra da Putin öz təcavüzü üçün yeni hədəf tapacaq - bu, Rusiya hərbi kontingentinin yerləşdiyi istənilən başqa region ola bilər.