BAKI, 27 may. TELEQRAF
İngiltərənin Liverpul şəhərində avtomobilin insan izdihamına çırpılması nəticəsində təxminən 50 nəfər xəsarət alıb.
Teleqraf “Sky News” telekanalına istinadən xəbər verir ki, bu barədə İngiltərənin şimal-qərb təcili yardım xidmətinin nümayəndəsi Deyv Kitçin mətbuat konfransında bildirib.
Kitçinin sözlərinə görə, 27 nəfər xəstəxanaya yerləşdirilib, 2 nəfərin, o cümlədən bir uşağın vəziyyəti ciddi qiymətləndirilir. Hadisə yerində daha 20 nəfərə yardım göstərilib, onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb. O, zərərçəkənlər arasında dörd uşağın olduğunu deyib.
***
01:57
İngiltərənin Liverpul şəhərində avtomobilin insan izdihamına çırpılması nəticəsində xəsarət alanların bir neçəsinin vəziyyəti kritik qiymətləndirilir.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
"Təcili yardım işçiləri Uoter-stritdə zərərçəkənlərə ilk yardım göstərənlər arasında olublar, onlardan bəzilərinin kritik vəziyyətdə olduğu güman edilir", - nəşr yazır.
***
23:24
Liverpulda avtomobili izdihamın üzərinə sürən şəxsin kimliyi məlum olub.
Teleqraf xəbər verir ki, 53 yaşlı Böyük Britaniya vətəndaşı polis tərəfindən saxlanılıb. Onun hadisəni hansı səbəbdən törətməsi araşdırılır.
***
22:34
Liverpul şəhərində avtomobil şəhərin eyniadlı futbol klubunun Premyer Liqa çempionluğunu qeyd edən insan izdihamına çırpılıb.
Teleqraf xəbər verir, bu barədə Mersisayd polisi məlumat yayıb.
“Avtomobil hadisə yerində saxlanılıb və bir kişi həbs edilib. Hazırda təcili yardım xidmətləri hadisə yerində işləyirlər", - polisin məlumatında deyilir.
“The Daily Telegraph” qəzeti hadisə nəticəsində 17 nəfərin xəsarət aldığını açıqlayıb.