
BAKI. 24 may. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya hərbi yardımı davam etdirməkdən imtina edərsə, Avropa ölkələri eyni məqsədlə bu ölkədən böyük həcmdə silah almaqda maraqlıdır.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Avropa Kiyevi, ABŞ-nin iştirakı olmadan, müstəqil şəkildə silahla təchizat etmək üçün nə tələb olunan arsenala, nə də kifayət qədər silah istehsal etmək imkanına malikdir. Avropa ölkələri mümkün çıxış yolunu ABŞ-dən daha çox silah sistemləri almaqda və onları Ukraynaya göndərməkdə görür.
Ekspertlərin qiymətləndirməsinə görə, keçmiş ABŞ Prezidenti Cozef Bayden tərəfindən təsdiqlənmiş hərbi yardım artıq bu yay tükənə bilər. “Bundan sonra yaranacaq boşluğu doldurmaq Qərb üçün çətin olacaq”, - nəşr qeyd edir.
Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ofisinin müşaviri Mixail Podolyak Fransanın “Le Point” jurnalına verdiyi müsahibədə Kiyevin ABŞ-dən hərbi yardımın dayandırılmasından narahat olduğunu bildirmişdi.