BAKI, 15 may. TELEQRAF

İstanbulda keçiriləcək Ukrayna-Rusiya danışıqları Türkiyə tərəfinin təşəbbüsü ilə günün ikinci yarısına keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

"Bizim nümayəndə heyətimiz İstanbulda yerləşir, heyətin tərkibi məlumdur. Türkiyə tərəfinin təşəbbüsü ilə danışıqlar günün ikinci yarısına keçirilib", – diplomat vurğulayıb.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevral ayının 22-də başlayıb. Bir müddət sonra hərbi əməliyyatların dayandırılması və sülh sazişinin imzalanması üçün tərəflər arasında bir neçə dəfə danışıqlaraparılıb. Bu danışıqlardan ikisi Belarusda, biri Türkiyədə baş tutub. Həmin ilin fevral-mart aylarında Rusiya və Ukrayna nümayəndə heyətləri Belarusun Belovejskaya Puşşa və Brest şəhərlərində görüşüblər. Martın 22-də isə Türkiyənin İstanbul şəhərində bir araya gəliblər. Hər üç görüş nəticəsiz başa çatıb.

Ötən ilin noyabrında ikinci dəfə ABŞ Prezidenti seçilən Donald Tramp yenidən tərəfləri bir araya gətirməyə çalışır. Onun birbaşa danışıqlar təklifinə cavab verən Rusiya Prezidenti Vladimir Putin 2025-ci il mayın 11-də İstanbul danışıqlarının davam etdirilməsi təklifini irəli sürüb. Ukrayna Prezidenti Volodimir Zelenskinin rusiyalı həmkarına cavabı müsbət olub. Ukrayna lideri mayın 15-də Rusiya Prezidentini İstanbulda gözlədiyini bəyan eləsə də, Kreml sonradan Vladimir Putinin Türkiyəyə səfər etməyəcəyini açıqlayıb.

Rusiya və Ukraynanın daha aşağı səviyyəli nümayəndə heyətlərinin bu gün İstanbulda bir araya gələcəyi gözlənilir. Bu, 2022-ci il martın 22-dən sonra tərəflər arasında ilk birbaşa görüş olacaq.