BAKI, 14 may. TELEQRAF

Azərbaycan və Ermənistan "İbrahim sazişləri"nə qoşula bilər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.

“Mən təxmin edirəm ki, tezliklə Livanda və hətta Suriyada nizamlanma görəcəyik. Onlardan müsbət cavab gəlib. Bu, Liviya ilə də baş verə bilər. Söhbət "İbrahim sazişləri"nə qoşulan ölkələrdən gedir. Bu, Azərbaycan və Ermənistanla da baş verə bilər, hesab edirik ki, biz həmin ölkələrdəki münaqişələrin yekun həllinə çox yaxınıq. Düşünürəm ki, onların hər ikisi "İbrahim sazişləri"nə qoşula bilər. Bu, Prezident Donald Trampın böyük təşəbbüsüdür. O, buna inanır. Bu, regionda sülh və sabitliyə töhfə verir”, - xüsusi nümayəndə vurğulayıb.

Qeyd edək ki, "İbrahim sazişləri" (Abraham Accords) 2020-ci ildə ABŞ-nin vasitəçiliyi ilə İsrail ilə bir neçə müsəlman ölkəsi arasında imzalanmış diplomatik sazişlər paketidir. Bu sazişlər çərçivəsində İsrail Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və Mərakeşlə rəsmi diplomatik əlaqələr qurub.