BAKI, 22 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın planına əsasən Avropa qoşunları Ukraynaya yerləşdirilə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Post” nəşri ABŞ rəsmisinə istinadla məlumat yayıb.

Bildirilib ki, Trampın Ukraynadakı münaqişənin sülh yolu ilə həlli planına Kiyevin nəzarətində olan ərazilərə Avropa ölkələrinin hərbi kontingentinin yerləşdirilməsi də daxil edilə bilər.

“Planın ən çətin hissəsi təhlükəsizlik qüvvələrinin necə görünəcəyidir. Bu qüvvələr ukraynalıların əldə etmək istədikləri təhlükəsizlik zəmanətlərinin bir hissəsidir və ümid edirik ki, onlar bu zəmanətləri əldə edəcəklər”, - amerikalı rəsmidən sitat gətirilib.

Nəşrin məlumatına görə, plan çərçivəsində Rusiya, Ukrayna və NATO üzvü olmayan üçüncü ölkənin təmsilçilərinin daxil olacağı birgə komissiyanın yaradılması da nəzərdən keçirilir. Bu komissiyanın əsas vəzifəsi atəşkəs rejiminə nəzarət etmək olacaq.

Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov NATO ölkələrinin qoşunlarının istənilən ad altında və formada Ukrayna ərazisində yerləşdirilməsinin Rusiya üçün təhlükə olduğunu və Moskvanın bunu heç bir halda qəbul etməyəcəyini bəyan edib.