BAKI, 20 aprel. TELEQRAF

İsrail Müdafiə Qüvvələrinin Livanda keçirdiyi əməliyyat zamanı hərəkatı silahla təmin edən Hizbullah üzvü Hüseyn Əli Nəsri öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail silahlı qüvvələri öz "Telegram" kanalında məlumat yayıb.

"Bazar günü səhər saatlarında Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatlarına əsasında 4400-cü bölmənin komandir müavini vəzifəsini icra edən Hüseyn Əli Nəsrə zərbə endirib", - ordunun bəyanatında deyilir.

İsrail tərəfinin bildirdiyinə görə, Nəsr Livana qeyri-qanuni silah göndərilməsini koordinasiya edib, iranlı əməliyyatçılarla qarşılıqlı əlaqədə olub və Beyrut beynəlxalq hava limanından istifadə edib.

Onun həmçinin Suriya-Livan sərhədində qaçaqmalçılarla əlaqədə olduğu və Hizbullahın hərbi potensialının gücləndirilməsinə yardım etdiyi iddia edilir. İDF vurğulayıb ki, bu, 4400-cü bölməyə qarşı onun fəaliyyətini dayandırmaq məqsədi daşıyan ilk əməliyyat deyil.