BAKI, 18 aprel. TELEQRAF

Ukrayna Müdafiə Nazirliyi məcburi səfərbərliklə bağlı yaranan problemi etiraf edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin birinci müavini, general-leytenant İvan Qavrilyuk danışıb.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti məcburi səfərbərlik hallarından yayınmağa çalışsa da, orduda şəxsi heyət çatışmazlığı yaşanır.

“Busifikasiya - yəni məcburi səfərbərlik utancverici bir haldır və biz bunun qarşısını almaq üçün hər şeyi edirik”, - o bildirib.

General qeyd edib ki, 2022-ci ildən bəri döyüşən hərbçilərin rotasiyası yalnız yeni şəxsi heyətin hazırlanması və onların əvəzlənməsi üçün kifayət qədər insan resursu olduqda həyata keçiriləcək.

Hazırda əsas diqqət 18-24 yaşlı kişilərin müqavilə əsasında hərbi xidmətə cəlb edilməsinə yönəldilib: “Bundan əlavə, ölkədə yeni rekrutinq mərkəzləri açılıb və xarici vətəndaşların döyüş bölgələrində xidmətə cəlb edilməsi istiqamətində də işlər görülür”.

Xatırladaq ki, 2022-ci ilin fevralından etibarən Ukraynada ümumi səfərbərlik elan olunub və bu müddət bir neçə dəfə uzadılıb. 2024-cü il mayın 18-dən qüvvəyə minmiş yeni qanun səfərbərlik qaydalarını daha da sərtləşdirərək yüz minlərlə vətəndaşın orduya çağırılmasına imkan verir.