BAKI, 17 mart. TELEQRAF

Tehranda Rusiya və İran XİN rəsmiləri arasında Avropa və regional məsələlərlə bağlı məsləhətləşmələrin növbəti raundu keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 16-17-də Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko və iranlı həmkarı Məcid Taxt-Rəvançi Tehranda görüş keçiriblər. Qruşko, həmçinin İranın xarici işlər naziri Abbas Əraqçi tərəfindən qəbul edilib.

Görüşdə qlobal inkişaf tendensiyaları, çoxqütblü dünya və Avrasiya arxitekturasının formalaşması barədə, o cümlədən beynəlxalq gündəmdə olan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu kontekstdə Avropadakı vəziyyət, NATO və Avropa İttifaqından qaynaqlanan sabitlik və təhlükəsizlik təhdidləri, ATƏT və Avropa Şurası çərçivəsində fəaliyyətlər müzakirə edilib. Həmçinin dövlətlərarası münasibətlərdə qanunsuz birtərəfli məhdudlaşdırıcı tədbirlərin yolverilməzliyi vurğulanıb.

Tərəflər siyasi dialoqun daha da dərinləşdirilməsində qarşılıqlı maraqlı olduqlarını bildiriblər. ŞƏT, BRICS və digər formatlarda əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub. Həmçinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) və İran arasında Azad Ticarət Sazişinin tezliklə qüvvəyə minməsi müsbət qarşılanıb.

Görüşdə mütəmadi məsləhətləşmələrin davam etdirilməsi barədə razılıq əldə olunub.