ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Tramp Şirkətlər Qrupu”nun iki törəmə şirkəti olan “Trump Inc.” və “Trump Maaş və Mühasibatlığa” 1,6 milyon dollar cərimələnib.

Teleqraf.com xəbər verir ki, işə Nyu-York məhkəməsində baxılıb.

Qeyd olunur ki, “Tramp Şirkətlər Qrupu” bu cəriməni rahat ödəyə biləcək, amma şirkət ağır ittihamla mühakimə olunduğuna görə bu, onun kredit və tenderlərdə iştirak imkanlarına mənfi təsir göstərə bilər.

Tramp və ya onun ailə üzvlərindən hər hansı birinin cəzalandırılacağı gözlənilmir.

Digər tərəfdən, Nyu-York Baş prokurorluğu “Trump Organization”a aid göydələnlər və qolf meydançaları kimi aktivlərin dəyərinin 10 ildən artıqdır maliyyə hesabatlarında təhrif edildiyi və vergidən yayındığı iddiası ilə 250 milyon dollarlıq ayrıca araşdırmanı davam etdirir.

Qeyd edək ki, Baş Prokurorluq 2 ildən artıq davam edən istintaq çərçivəsində toplanmış sübutlar əsasında cinayət işinin açılıb-açılmaması barədə qərar qəbul etmək üçün andlılar heyəti formalaşdırıb və andlılar məhkəməsi işin açılmasına qərar verib.

2022-ci il oktyabrın 31-də Nyu-York Federal Məhkəməsində başlayan məhkəmə prosesinin sonunda “Tramp Şirkətlər Qrupu” 2022-ci il dekabrın 7-də vergidən yayınma ilə bağlı bütün 17 ittiham üzrə andlılar heyəti tərəfindən təqsirli bilinib.

Müdafiə tərəfinin prokurorlarla razılığa gəlmədiyi təqdirdə şirkətin baş maliyyə direktoru Allen Vayselberqi 15 ilə qədər həbs cəzası gözləyir.