Dünyanın ağciyərləri olaraq bilinən Amazon meşəsində yanvar ayında kəsilən ağacların sayı keçən ilin eyni ayı ilə müqayisədə 5 dəfə çox olub.

Teleqraf.com xəbər verir ki, məlumat Braziliya kosmos agentliyinin hesabatında yer alıb.

Bildirilir ki, bu, 2015-ci ildə qeydlər aparılmağa başlayandan bəri ən yüksək ağac kəsmə nisbətini göstərir.

Yanvar ayında ümumi meşələrin qırılmasının 430 kvadrat kilometr sahəni əhatə etdiyi və meşələrin qırılan sahəsinin isə Manhettendən 7 dəfə böyük olduğu bildirilib.

Ekoloqlar Braziliya prezidenti Jair Bolsonaronu meşələrin qırılmasının artmasına icazə verməkdə ittiham edirlər. Amazonda yaşayan yerli icmalar da yağış meşələrini və həyat tərzini qorumaq üçün mübarizə aparırlar.