İqtisadiyyat naziri Şahin Mustafayev Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana ilə görüşüb.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Ş.Mustafayev Azərbaycan-Hindistan əlaqələrinin yüksək səviyyədə olduğunu, ölkəmizin Hindistanla əməkdaşlığa önəm verdiyini vurğulayıb.
Hindistanla əlaqələrin bir çox sahələrdə inkişaf etdiyini diqqətə çatdıran Ş.Mustafayev iki ölkə arasında ticarət əməkdaşlığının genişləndiyini, Azərbaycanda 170-ə yaxın Hindistan kapitallı şirkətin fəaliyyət göstərdiyini bildirib. Hindistanla əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşən iqtisadiyyat naziri hindistanlı iş adamlarını ölkəmizdə yaradılmış sənaye parkları və məhəllələrindəki əlverişli şəraitdən yararlanmağa, birgə müəssisələrin təşkilinə dəvət edib. Bildirilib ki, sənaye, əczaçılıq, kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları və s. sahələrində əməkdaşlıq potensialı, eləcə də Azərbaycanın qeyri-neft məhsullarının Hindistana ixracı üçün imkanlar böyükdür.
Səfir Sanjay Rana ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək, iqtisadi sahədə Hindistan-Azərbaycan əməkdaşlığına dair fikirlərini bildirib.
Vurğulanıb ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Hindistan üçün də əhəmiyyətlidir. Səfir Azərbaycanın ixrac missiyasının Hindistana göndərilməsinin iqtisadi sahədə əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacağını qeyd edib. Əlavə edib ki, Hindistan Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə əməkdaşlıqda və əlaqələrin genişləndirilməsində də maraqlıdır.