BAKI, 22 may. TELEQRAF
Azərbaycan Prezidenti Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
T.Məcidov dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, Tələt Tahir oğlu Məcidov 23 may 1945-ci ildə Bakı şəhərində anadan olub. O, iqtisad elmləri namizədi elmi dərəcəsinə malikdir.
Azərbaycan Dövlət Universitetində ali təhsil alan Tələt Məcidov uzun illər ərzində müxtəlif sahələrdə çalışıb. Əmək fəaliyyətinə 1968–1970-ci illərdə SSRİ Xarici İqtisadi Əlaqələr üzrə Dövlət Komitəsində başlayıb. O, bu dövrdə Əlcəzair və Suriyada, daha sonra isə 1977–1980-ci illərdə İraqda tərcüməçi kimi fəaliyyət göstərib.
1970–1977-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda aspirant, laborant və kiçik elmi işçi vəzifələrində çalışıb. 1981–1983-cü illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərib.
1983–1990-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında təlimatçı və sektor müdiri vəzifələrində çalışaraq ölkənin siyasi və idarəetmə strukturlarında mühüm vəzifələr daşıyıb.
Müstəqillik dövründə də dövlət idarəçiliyində fəal rol oynayan Tələt Məcidov 1999–2005-ci illərdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı olub. Daha sonra Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb. 2005-ci ildən Azərbaycan Prezidenti Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiridir.
Onun dövlət qulluğunda səmərəli fəaliyyəti yüksək qiymətləndirilib və 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Tələt Məcidov “Şöhrət” ordeni ilə təltif olunub.