
BAKI, 14 aprel. TELEQRAF
“Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları” təsdiqlənib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu qaydalarla tənzimlənməyən məsələlər Qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” Konvensiyaya, habelə Konvensiyaya və Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun olaraq həyata keçiriləcək.
Bu qaydaların müddəaları aşağıdakı şəxslərə şamil edilir:
Həvəskar pilot, kommersiya pilotu, nəqliyyat pilotu, çoxheyətli pilot, hava şarı pilotu, naviqator, bort mühəndisi, bort radiooperatoru (bort radist), havada hərəkəti idarəetmə dispetçeri, hava gəmisi texnikləri.
Həmçinin Aviasiya personalına şəhadətnamələrin, ixtisas qeydlərinin, vəsiqələrin, sertifikatların və ya digər əlaqəli sənədlərin verilməsi, yenidən təsdiq edilməsi və ya müddətinin uzadılması, eləcə də onlarda hər hansı dəyişiklik edilməsi və üzv dövlətdə verilmiş analoji sənədlərin Azərbaycan Respublikasında təsdiq edilməsi və ya konvertasiyası üçün ərizə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinə (bundan sonra - Agentlik) təqdim edilir. Ərizə ərizəçilərin bu Qaydalarda nəzərdə tutulmuş şəhadətnamələrin, ixtisas qeydlərinin, vəsiqələrin, sertifikatların və ya digər əlaqəli sənədlərin verilməsi, yenidən təsdiq edilməsi və ya müddətin uzadılması tələblərinə uyğun olduğuna dair təsdiqedici sənədlər və məlumatlarla müşayiət olunmalıdır.
Bundan əlavə, tələbə-pilota dair tələblər də müəyyənləşib. Belə ki, tələbə-pilot qismində ilk uçuşa yaşı 16-dan az olmayan şəxslər buraxılacaq, eləcə də onlar beynəlxalq uçuşlara buraxılmayacaq.