BAKI, 11 sentyabr. TELEQRAF
Ötən həftə Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayevlə Mqrer Qriqoryanın rəhbərlik etdikləri nümayəndə heyətləri iki ölkənin sərhədyanı ərazilərində - Sünik vilayətinin cənubunda və Zəngilan rayonunda görüşüblər.
Teleqraf xəbər verir ki, bu barədə “Azatutyun”un (“Azadlıq”) sorğusuna cavab olaraq Ermənistan baş nazirin müavini Mqer Qriqoryanın ofisi məlumat verib.
Bildirilib ki, nümayəndə heyətlərinin tərkibinə Ermənistan və Azərbaycan dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın, Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi və Ərazi İdarəetmə Nazirliyinin nümayəndələri daxil olub.
Qriqoryanın ofisi komissiyaların növbəti iclasının nə vaxt, harada və gündəliyinin nə olduğu ilə bağlı dəqiq cavab verməyib və bunun hələ müzakirə olunduğunu qeyd edib.
“Azatutyun” Vaşinqtonda Zəngəzur dəhlizi ilə bağlı əldə olunan razılaşmaya istinadla Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasının ilin əvvəlində elan olunduğu kimi Tavuşdan deyil, Sünikdən (Qərbi Zəngəzur – red.) davam etməsinin mümkün olub-olmaması ilə maraqlanıb. Bu suala da birbaşa cavab verilməyib, bu məsələnin də müzakirə olunduğu bir daha vurğulanıb.
Xatırladaq ki, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşü sentyabrın 5-də keçirilib.