BAKI, 17 iyul. TELEQRAF

“İşğaldan azad edilmiş ərazilərdə bu istiqamətdə aparılan minatəmizləmə əməliyyatları nəticəsində 287 385 ha təmizlənib, 255 200 (189 097 ədəd digər partlayıcı sursat, 42 235 ədəd piyada əleyhinə mina, 23 868 ədəd tank əleyhinə mina) mina və digər partlayıcı sursatlar aşkar edilərək zərərsizləşdirilib”.

Teleqraf xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov brifinqdə deyib.

O bildirib ki, bu gün ANAMA müasir texnologiyalar, innovativ metodologiyalar, mexaniki minatəmizləmə vasitələri, minaaxtaran itlər və yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə genişmiqyaslı əməliyyatlar həyata keçirir:

“Azərbaycanın humanitar minatəmizləmə təcrübəsi beynəlxalq səviyyədə maraqla öyrənilən və nümunə göstərilən fəaliyyət istiqamətlərindən biridir. Təmizlənən hər hektarın arxasında saatlarla davam edən gərgin əmək, yüksək peşəkarlıq və böyük məsuliyyət dayanır. Humanitar minatəmizləmə yalnız texniki proses deyil, insan həyatı naminə göstərilən fədakar fəaliyyətin nümunəsidir”.