ADU tələbələri səlahiyyətli işlərə cəlb olunub, ADNA tələbələri açılış və bağlanış mərasimlərinə qatılacaqlar

Məlum olduğu kimi, iyunun 12-də "Bakı-2015" Birinci Avropa Oyunlarına start veriləcək. Beynəlxalq tədbirə Avropa Olimpiya Komitəsinə üzv ölkələrin idmançılarının, eləcə də, dünyanın müxtəlif şəhərlərindən seyrçilərin qatılacağı gözlənilir. Yarışlarda 5000 nəfərədək idmançının iştirakı nəzərdə tutulub.

Avropa Oyunları Əməliyyat Komitəsindən verilən məlumata görə, olimpiya oyunlarına dəstək məqsədilə ölkəmizdən 12 min əsas, 6 min isə ehtiyat heyətdə olan könüllülərin iştirakı nəzərdə tutulub. Könüllülərin əsas tərkibi gənclərdən ibarət olacaq.

Ali təhsil müəssisələrinin tələbələrinin bu tədbirə hazırlığı ilə maraqlandıq.

Tələbələrimiz yüksək statuslu işlərdə çalışır

Azərbaycan Dillər Universitetinin prorektoru, universitetin ilk Avropa oyunları üzrə təşkilatçısı Ələddin Əliyevin qəzetimizə verdiyi məlumata görə, ali təhsil müəssisəsində tələbələrin 50 faizi oyunların təşkilinə dəstək göstərməyə cəlb olunub. Digər ali məktəblərdən fərqli olaraq ADU-nun tələbələrinin xarici dil bilgisi yüksək səviyyədə olduğuna görə bu universitetin tələbələrinin bəziləri peşəkar səviyyədə və yüksək statuslu və səlahiyyətli işlərə cəlb olunub: "Hətta bir qisim tələbələrimiz var ki, maaşla işləyir. Tələbələrimizin 8 faizi fəal olaraq çalışır. Ümumilikdə isə 5500 tələbədən 2800-ü olimpiya oyunlarına dəstəyə cəlb olunub".

Prorektor dedi ki, ADU rəhbərliyi beynəlxalq tədbirdə könüllü iştirak edən tələbələrə müvafiq şərait yaradıb: "Tələbələrimiz müntəzəm təlimlər keçir, məşqlərə gedirlər. Hər gün universitetə Avropa Oyunları üzrə Əməliyyat Komitəsindən nümayəndələr gəlib tələbələrə təlimlər keçirlər. Bir sözlə, Avropa oyunlarına universitetimiz tərəfindən dəstək verilməsində heç bir problem yoxdur.".

"Avropa Oyunlarına fəxrlə hazırlaşırıq"

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) görülən tədbirlərlə bağlı mətbuat xidmətindən bildirildi ki, ADNA-da ümumilikdə 1400-dən çox tələbə könüllülər sırasına qoşularaq nəinki bu təhsil ocağını, ümumilikdə Azərbaycanı layiqincə təmsil edəcək: "Könüllülərin bir çoxu funksional, bir qismi isə mərasim könüllüləri kimi fəaliyyət göstərəcək. Mərasim könüllüləri ilk Avropa Oyunlarının açılış və bağlanış tədbirlərində, funksional könüllülərimiz isə yarış boyu müxtəlif istiqamətlərdə - nəqliyyat, tərcüməçilik, komandaların yönəldlməsində, rəqs qruplarında iştirak edəcəklər.

ADNA-nın "Gənclik" Mahnı və Rəqs ansamblı qrup şəklində Olimpiya Oyunlarında böyük bir bayram şənliyinin açılış və bağlanış mərasiminə qatılacaq. Bir çox tələbələrimiz ilk üçlük üzrə yığma komandanın koordinatorları kimi çalışırlar".

"Tələbəmiz Avropa oyunlarında hakim olaraq qatılacaq"

Mətbuat xidmətindən verilən məlumatda daha sonra bildirilir ki, Neft Akademiyasının Bədən tərbiyəsi və idman klubunun əməkdaşı Pytor Kuvşinov və Qaz-neft mədən fakültəsinin tələbəsi Kamran Cəfərov bu oyunlara hakim kimi dəvət alıblar: "Neft Akademiyasının bir çox tələbələri var ki, yay oyunlarının Koordinasiya Mərkəzində fərdi olaraq adminstrativ əməyə cəlb olunublar. Ali məktəblərdə Olimpiya Oyunları ilə bağlı tədbirlərin keçirilməsi könüllülərin bu işdə daha aktiv iştirakını təmin etməklə bağlıdır".

Təhsil Nazirliyinin Avropa Oyunları ilə əlaqədar tədris müddətinin qısaldılması ilə bağlı vermiş olduğu qərardan sonra ADNA bütün fəaliyyətini Avropa Oyunlarına kökləyib: "Ali məktəb rəhbərliyinin yay oyunlarında iştirak edən könüllülərin bu müddətdə buraxdığı dərs saatlarının üzrlü hesab olunması tələbələrin respublika üçün əhəmiyyətli olan Olimpiya Oyunlarında daha rahat fəaliyyət göstərmələri üçün böyük bir stimul verir. Könüllülər artıq mayın 8-dən başlayan yay imtahan sessiyasında iştirak etməyəcəklər. Neft Akademiyasının yay oyunları ilə bağlı qarşısında duran ən əsas məsələ olimpiya oyunlarında qeydiyyatdan keçmiş funksional və mərasim könüllülərinin daha ciddi, daha ürəklə, həvəslə yanaşmasına dəstək olmaqdır".

Sevil