Bakıda keçiriləcək birinci Avropa Oyunlarına dəstək olan və bu idman yarışına gəlmək istəyən əcnəbilərin sayı durmadan artır.
“Azərbaycanı Avropa ailəsində daha yaxından tanıyacaqlar”

Oyunların əhəmiyyəti barədə Teleqraf.com-a açıqlama verən Litvanın Mmzirpb təşkilatının sədri Gerda Zymantaite bildirib ki, bu idman yarışı Azərbaycan üçün mühüm rol oynayır. Onun sözlərinə görə, Şərqlə Qərbin birləşməsində yerləşən Azərbaycan coğrafi mövqeyinə görə də mühüm əhəmiyyətə malikdir: “Ona görə də bu idman yarışı Azərbaycan üçün böyük şans qazandırır. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi həm dövlətinizə, həm də xalqınıza uğur gətirəcək. Əminəm ki, Avropa ölkələri bu yarışda yaxından iştirak edəcək və Azərbaycanı Avropa ailəsində daha yaxından tanıyacaqlar”.
“Azərbaycan idman ölkəsinə çevrilib”

Türkiyənin “Təhsil və Məşğulluq layihələri” dərnəyinin başqanı Fatih Şanöz Azərbaycana hər gəldiyində iqtisadi inkişafın durmadan artdığını diqqətə çatdırıb. O, Azərbaycanı özlərinin ikinci Vətəni olaraq gördükləri üçün bu inkişafdan qürur hissi keçirdiklərini deyib: “Azərbaycan bir idman ölkəsinə çevrilib və möhtəşəm beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Bu da eyni zamanda turizmin inkişafı deməkdir. Azərbaycanın dövlət rəhbərlərinin gərgin əməyi nəticəsində qardaş ölkə günbəgün yeni layihələrə imza atır. Əminəm ki, gərgin iş fəaliyyətindən imkan tapıb Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına baxmaq şansına sahib olacağıq”.
“Bu gün Avropa ölkələrində Azərbaycan haqqında daha çox eşidirlər”

İsrailin “Cəmiyyət üçün Beynəlxalq Layihələr” təşkilatının sədri Arye Qut bildirib ki, Avropa Oyunlarının keçirilməsi Azərbaycan üçün tarixi bir hadisədir. Onun sözlərinə görə, Azərbaycan bu məsuliyyəti öz üzərinə götürməsəydi, çətin ki, birinci Avropa Oyunları alınardı: “Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti nə qədər güclüdür. Burada siyasi iradə olduğu kimi, həm də iqtisadi əsas var. Düzdür, siyasi iradə ola bilər, ancaq iqtisadi gücün çatmırsa, heç nə edə bilməzsən. Bilirik ki, bu gün Avropanın bir çox dövlətləri iqtisadi problemlər yaşayır. Lakin Azərbaycan həmin Avropa dövlətlərdən fərqli olaraq, bu idman yarışının keçirilməsinin məsuliyyətini öz üzərinə götürdü. Əminəm ki, Azərbaycan öz qonaqpərvərliyini bir daha göstərəcək”.
A.Qut bildirib ki, birinci Avropa Oyunlarının keçirilməsi həm də Azərbaycanın dünyadakı imicinin artırlması baxımdan atılan bir addımdır: “Bir çox ölkələrdə Azərbaycan haqqında az informasiyaya malik idilər. Lakin bu gün Avropa ölkələrində Azərbaycan haqqında daha çox eşidirlər. Digər tərəfdən onu da qeyd edim ki, Avropa Oyunları Azərbaycanda idmanın inkişafı baxımından çox böyük bir addımdır. İndiyədək olmayan və sonradan tikilən bu idman arenaları, mərkəzləri Azərbaycanın xeyrinə olacaq”.
Belçikanın Türk Dərnəkləri Birliyinin başqanı Fatih Arı Azərbaycana ilk dəfə gəldiyini qeyd edib. O, Belçikada Azərbaycan haqqında çox gözəl sözlər eşitdiyini diqqətə çatdırıb: “Hər zaman Bakının görülməli olduğunu qeyd edirdilər. Ancaq Azərbaycana gəldikdən sonra deyilənlərin iki qatını gördük. Bu gün Bakı İstanbul qədər olmasa da, çox sürətlə inkişaf edir. Türk dövlətlərinin paytaxtı Bakı ola bilər. Bu gün Bakı Birinci Avropa Oyunlarına hazırlaşır. Burada insanların gülərüzlü olması, səmimi münasibətləri biz də xoş təəssürat yatdı və əminəm ki, Oyunlar ərəfəsində də əcnəbilər üçün bu xoş səmimiyyət yaradacaq”.
“Hər bir vətəndaş bu Oyunlara dəstək verməlidir”

F.Arı Avropa Oyunlarını Azərbaycanın uğurla həyata keçirəcəyinə əmin olduğunu diqqətə çatdırıb: “Bu idman yarışı başlamayıb, lakin biz hazırlıqların şahidi olduq. Onu da gördük ki, Azərbaycanda nə qədər əhalisi varsa, hər kəs bu idman yarışı üçün səfər olub. Bu, çox gözəl bir addımdır. Çünki dövlət bu məsuliyyəti üzərinə götürüb və hər bir vətəndaş da bunun üçün əlindən gələni edir. Fikrimcə, belə beynəlxalq yarışların təşkili lazımdır ki, dünyada daha çox tanınsın. Eyni zamanda məlumatımız var ki, 2017-ci ildə İslam Oyunları, eləcə də, 2020-ci ildə futbol üzrə Avropa Çempionatı da Bakıda keçiriləcək. Gələcək illərdə Belçikadakı türk gənclərlə birgə Azərbaycana qrup halında gəlməyi planlaşdırmışıq”.
“Azərbaycanın uğuruna sevinirik”

Gürcüstanın Avropa Diplomatiyası Assosiasiyasının vitse-prezidenti Zurab Gventsadze qeyd edib ki, dəfələrlə Bakıda olub və Azərbaycandakı iqtisadi inkişaf region ölkələrindən daha sürətlidir: “Yaxın günlərdə Birinci Avropa Oyunları keçiriləcək və biz qonşu gürcü xalqı olaraq, Azərbaycanın bu uğuruna sevinirik. Bu idman yarışları əminəm ki, Cənubi Qafqaz ölkələri üçün növbəti sülh çağırışıdır və buna mütləq dəstək verilməlidir”.
BƏXTİYAR