BAKI, 15 oktyabr. TELEQRAF

Oktyabrın 16-17-də Səmərqənd şəhərində MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının 57-ci və MDB iştirakçısı olan dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 21-ci iclası keçiriləcək.

Teleqraf xəbər verir ki, iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və Türkmənistanın xüsusi xidmət orqanlarının rəhbərləri iştirak edəcək.

Tədbirə MDB İcraiyyə Komitəsi və MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin nümayəndələri də qatılacaq.

Tədbirlərin əsas məqsədi birlik ölkələrində təhlükəsizliyin təmin edilməsində, o cümlədən beynəlxalq terrorizm və ekstremizmə, transmilli mütəşəkkil cinayətkarlığa, informasiya təhlükəsizliyinə təhdidlərə, habelə narkotik vasitələrin və psixotrop maddələrin beynəlxalq qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığı gücləndirməkdir.

Görüşlərdə müasir təhdidlər və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi ilə bağlı geniş spektrli məsələlərin müzakirəsi gözlənilir.

Danışıqların sonunda nümayəndə heyətlərinin rəhbərləri regional və qlobal təhlükəsizliyin təmin edilməsində konkret vəzifələr və əməkdaşlıq sahələrini müəyyənləşdirəcəklər.