BAKI, 17 fevral. TELEQRAF

Üzeyir bəy Hacıbəyli 140

Bu il çağdaş Azərbaycan musiqisinin banisi, ictimai xadim, jurnalist Üzeyir bəy Hacıbəylinin doğumunun 140-cı ildönümüdür. Üç dövrdə şəxsiyyət kimi qala bilən Üzeyir bəy çar dövründə “Leyli və Məcnun”, “Arşın mal alan”, cümhuriyyət dönəmində dövlət himni, sovet illərində isə “Koroğlu” kimi abidə əsərlər yaradıb. Cümhuriyyətin işğalından sonra ölkədə qalan Üzeyir bəy 1920-1948-ci illərdə həm pedaqoq, həm də bəstəkar kimi Azərbaycan musiqisinin Avropa səviyyəsinə qalxması yolunda önəmli rol oynayıb. Buna görə də o, təkcə ölkə daxilində deyil, ölkə xaricindəki mühacirlərin də böyük sevgisini qazanıb, Türkiyədə, Almaniyada haqqında məqalələr yazılıb.

“Qüvvətli bir türk mühərriri”

Berlində nəşr olunan “Qurtuluş” jurnalının 1934-cü ilin dekabrında çıxan 2-ci sayında vətənlə bağlı xəbərlərdə Bakı teatrlarında “Koroğlu” operasının səhnəyə qoyulacağından bəhs edilib. Dərginin 1935-ci ilin yanvar ayında nəşr olunan 3-cü sayında isə Mirzəbala Məhəmmədzadə “Nuhoğlu” imzası ilə “Koroğlu” adlı bir məqalə qələmə alıb. O, Üzeyir bəyin “Zarya Vostoka” qəzetinə yeni operası ilə bağlı verdiyi bəyanatını tənqid edib, xalq qəhrəmanı Koroğlunun bolşeviklərin sinfi mücadiləsinə alət edilməsinə etirazını bildirib. Üzeyir bəy dövrün tələbinə uyğun olaraq bəylərin, xanların hakimiyyətini devirməyə çalışan inqilabçı Koroğluya dair əsər yaratdığını ifadə etdiyi üçün M. Məhəmmədzadə bu qənaətə gəlib, Koroğlunun milli mücadilə aparan, yurdunu sevən bir tarixi şəxs olduğunu bildirib. “Qurtuluş”un 1935-ci ilin iyul ayında çıxan 9-cu sayında isə yenə Mirzəbala Məhəmmədzadənin “Üzeyir bəyin qiymətli bir əsəri” başlıqlı məqaləsi dərc edilib. O, Üzeyir bəyin “Leyli və Məcnun” operasından etibarən yazdığı əsərləri sadalayıb, onun təkcə musiqişünas, bəstəkar deyil, digər xüsusiyyətlərinin də olduğunu qeyd edib: “O, eyni zamanda qüvvətli bir türk mühərriri, müəllim və öz məsləki sahəsində xalq musiqisini yaxşı tədqiq etmiş bir alimdir. Hələ 1919-cu ildə Azərbaycan musiqisi haqqında “İstiqlal” məcmuəsində yazdığı böyük tədqiqi və təhlili məqaləsi ilə o milli musiqimizin nəzəriyyəsini qurmuşdur”.

Məhəmmədzadəyə görə, Mustafa Quliyevin maarif komissarlığı dövründə Üzeyir bəy Azərbaycan xalq musiqisi əleyhinə başlayan kampaniyanın qarşısında dayanıb, nəticədə on ildir üzərində işlədiyi “Azərbaycan musiqisinin əsasları haqqında” adlı əsərini ərsəyə gətirib.

1937-ci ilin fevral ayında çıxan 28-ci sayında “Qurtuluş” jurnalı “Koroğlu” operası haqqında növbəti dəfə məqalə dərc edib. Bu yazıda Üzeyir bəyin “Koroğlu”nu təhvil versə də, bir kənara atıldığı, məzmunundan kimsənin, hətta Koroğlunu canlandıracaq Bülbülün də xəbərsiz olduğu qeyd edilib. Məqalənin sonunda bu vəziyyətin əsərin sadəcə bürokratik əngəllərə məruz qalması deyil, başqa səbəbinin olduğuna da işarə edilib: “Yoxsa, “Koroğlu”nun Azərbaycan tarixində böyük müsbət bir hadisə olmasındanmı?”

Yalvaçoğlunun vəfası

Hələ uzaq 1907-ci ildə Üzeyir bəyin hazırladığı “Rus-türk və türk-rus lüğəti”nin naşiri dövrün gənc siyasətçilərindən və mühərrirlərindən Məhəmmədəmin Rəsulzadə olub. 1918-1920-ci illərdə “Azərbaycan” qəzetində qələm yoldaşı olan bu iki şəxsin dostluğu, silahdaşlığı tariximizin önəmli səhifələridir. Ona görə də Ankarada mühacir həyatı yaşayarkən Üzeyir bəyin vəfatını eşidən M. Rəsulzadə 1949-cu il mayın 3-də “Ulus” qəzetində M.E.Yalvaçoğlu imzası ilə “Azərbaycan kompozitoru Hacıbəyli Üzeyir” adlı məqalə qələmə alıb.

O, Üzeyir bəyin xatirəsini bu cümlələrlə yada salıb: “Dəmir pərdənin arxasında ona süni marşlar yazdırılsa da, Moskovada çiyni diktatorun əliylə oxşanılsa da, tabutu başında Azərbaycanın mənəviyyatıyla ilgiləri olmayan komissarlar növbəyə dursalar da, Hacibəyli Üzeyiri Azərbaycandan, Azərbaycan kültüründən və azəri-türk tarixindən kimsə ayıramaz! O, milli Azərbaycan varlığının dayaqları arasında qalacaq ayrılmaz bir dəyərdir!”

Yalvaçoğluna görə, “qızıl totalitarizmin istibdadı altında və mədəniyyət dünyasından təcrid edilmiş bir halda yaşamaq çəkilməz bir faciədir! Bu şərtlər altında yaratmaq isə faciələr faciəsidir. Sənətkarın möhtac olduğu ən böyük nemət hürriyətdən məhrumiyyətdir, dünya ilə əlaqəsi kəsilmiş bir durumdadır”.

Bununla da o, Üzeyir bəyin azad bir ölkədə fəaliyyət göstərdiyi halda daha möhtəşəm əsərlər yaradacağına əminliyini ifadə edib.

Yalvaçoğlu imzası ilə qələmə alınan bu məqalə daha sonra “Azərbaycan” jurnalında Rəsulzadənin öz imzası ilə də təqdim edilib.

“... qardaşı ilə birlikdə boğuldu”

Qardaşı Ceyhun bəy Hacıbəylinin redaktorluğu ilə Münxendə çap olunan “Azərbaycan” dərgisində Azərbaycan İrtibat Heyətinin rəisi mayor Əbdürrəhman Fətəlibəylinin “Azərbaycan xalqının böyük oğlu” adlı məqaləsi dərc edilib. O, Üzeyir bəyin məziyyətlətini sadaladıqdan sonra mühüm bir iddia irəli sürüb:

“Böyük bəstəkarımızı "sovetləşdirdikdən" sonra onun həyatda olmasına Kreml dözə bilməzdi. Ani, 25 noyabr 1948-ci ildə Moskva radiosu bütün dünyaya bu xəbəri yayımladı: "Uzun sürən ağır xəstəlik səbəbindən böyük bəstəkar Üzeyir Hacıbəyli vəfat etmişdir". Nə kimi xəstəlik? Necə olur ki, bu xəstəlik uzun davam edir? Vəfatından bir an əvvəl Üzeyir bəy Moskvada bəstəkarların toplantısında idi. Eyni məchul şərait içərisində dəyərli bəstəkar Zülfüqar Hacıbəyli də vəfat etdi. Bu barədə "Bakinski raboçi" qəzeti 1 oktyabr 1950-ci ildə eynilə bu cür yazırdı: "30 sentyabrda uzun sürən ağır xəstəlikdən sonra Azərbaycanın qocaman bəstəkarı Zülfüqar Hacıbəyli vəfat etmişdir...". Sovetlərin amansız darlığında, hürriyyətsizlik üzündən böyük bəstəkarımız yaradıcılığının ən səmərəli dövründə qardaşı ilə birlikdə boğuldu”.

O, məqaləsini bu cümlələrlə tamamlayıb: “Sovetlər nə qədər çabalayır-çabalasın sənəti ilə ruhlara məhəbbət və etimad təlqin edən, Şərq musiqisinin seyrini dəyişdirmiş Azərbaycanın bu böyük fədakar və səmimi oğlunu, yaradılış xariqüladəsi Üzeyir Hacıbəylini nə Azərbaycandan, nə də türk-müsəlman tarixindən heç bir qüdrət ayıra bilməz”.

Vaxtsız batan günəş

II Dünya müharibəsindən sonra Almaniya və Amerikada yaşamış tarixçi Məcid Musazadə 1953-cü ildə Azərbaycan Milli Birliyinin mətbu orqanı olan “Azərbaycan” jurnalında Üzeyir bəy haqqında “Vaxtsız batan günəş” adlı iki hissəli geniş məqalə qələmə alıb. O, yazısını “Leyli və Məcnun” operasının 45-ci ildönümünə ithaf edib. Məqaləsinin girişində Üzeyir bəyin vəfatına təəssüflənən Musazadə Bakı küçələrində çiyinlərdə daşınan tabutu on minlərlə insanın müşayiət etdiyini yazıb, bununla da xalqın ona heç bir zaman yıxılmayacaq bir abidə ucaltdığını bildirib. Daha sonra “Leyli və Məcnun” operasının ilk səhnə həyatından bəhs edən tarixçi əsərin önəmini bu şəkildə izah edib: “45 ildən bəri hər il səhnəyə qoyulmasına rəğmən teatr binası daima xıncaxınc dolmaqdadır“.

Onun fikrincə, Nizami eşq romantizminin, Füzuli qəzəl və lirizmin, M.F. Axundzadə dramaturqluğun, Həsən bəy Zərdabi mətbuatın, Üzeyir Hacıbəyli də Azərbaycan operası və çağdaş musiqisinin atasıdır. Musazadəyə görə, Üzeyir bəy kommunizmə daima yad olub, onun qəlbi ancaq milli ruhla çırpınıb.

Azərbaycan musiqisinin renessans dövrü

Mühacirətdə Azərbaycan musiqisi və Üzeyir bəy haqqında ən çox məqalə qələmə alan şəxs isə II Dünya müharibəsindən sonra Türkiyə və Amerikada mühacir həyatı yaşamış Mustafa Haqqı Türkəqul olub. Onun Üzeyir bəy və musiqimiz haqqında “Azərbaycan”, “Mücahid”, “Dergi”, “Kafkasya”, “Azərbaycan yurd bilgisi” kimi jurnallarda bu mövzuda məqalələri işıq üzü görüb. Bu məqalələr bir-birinin təkrarı olsa da, Üzeyir bəyin həyat hekayəsi və yaradıcılığının təbliği baxımından olduqca əhəmiyyət daşıyıb. Türkəqulun fikrincə, “Leyli və Məcnun” operası Azərbaycan musiqi tarixində həqiqi bir inqilab olub: “Füzulilər, Əbdülqədir Marağalılar, Mənsurlar dövründəki yüksək Azərbaycan sənəti bu opera ilə yenidən canlandı. Ona görə də “Leyli və Məcnun”un ilk dəfə səhnəyə qoyulduğu dövrü Azərbaycan musiqisinin renessans dövrü adlandıra bilərik”.

Türkəqul müharibədən öncə Bakıda olduğu zaman “Koroğlu” operasının ilk premyerasında iştirak etməsi ilə bağlı xatirələrini də bölüşüb.

Mühacirlər Üzeyir bəy haqqında sonrakı dövrlərdə də məqalələr qələmə alıblar. II Dünya müharibəsi mühacirlərindən Dr. Sultan Hacıoğlu “Azərbaycan” dərgisində “Üzeyir Hacıbəylinin şəxsiyyəti və əsərləri” adlı məqalə yazıb. Ankarada çıxan “Azərbaycan” jurnalının 253-cü sayı da Üzeyir bəyin 100-cü ildönümünə ithaf edilib...