BAKI, 13 mart. TELEQRAF

Göygöldə sərxoş halda küçədə səs-küy salan şəxs məsuliyyətə cəlb edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə Göygöl şəhərinin S.Hacıyev küçəsində baş verib.

2005-ci il təvəllüdlü Ayaz Babayev (ad-soyad şərtidir – red.) küçədə ünvansız nalayiq ifadələr işlədib. Bu zaman onun hərəkətlərinə son qoymasını istəsəyən polis əməkdaşlarına müqavimət göstərib.

Babayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib.

Ayaz Babayev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, hadisədən əvvəlki gün Göygöl şəhərə gedib, orada bir nəfər xanıma yaxınlaşıb: “Həmin xanımla Göygöl şəhərində “Karusel” kafe adlanan yerdə oturaraq yeyib-içdik. Saat 23-24 radələrində evə gəlmək istədim. Xanımın getməyə yeri olmadığından onu evimizə dəvət etdim. Evə gəldikdə sərxoş olduğumdan atamla dalaşmışam. Heç nə yadımda deyil”.

Təqsirli bilinən şəxs qeyd edib ki, evdə dava olduqdan sonra səhəri gün əmisioğlugilin həyətinə gəlib: “Həmin vaxt polislər mənə yaxınlaşdı. Hadisə polisin deyildiyi kimi olub”.

Ayaz əlavə olaraq bildirib ki, həyətlərində iki ev var: “Xanımı öz yaşadığımız həyətə gətirdim. Telefonla danışan zaman nalayiq ifadələr işlətmişəm. Kiminlə danışdığımı da xatırlamıram. İki ədəd 750 qram araq içmişdik. Atamı vurub-vurmamağım yadımda deyil. Mən qıza hədiyyə almışam, qız isə mənə qonaqlıq verib. Hədiyyəni atamın pulu ilə almışam”.

Babayev deyib ki, sərxoş və əsəbi olduğu üçün telefonla qışqıra-qışqıra danışıb: “Səhər oyandıqda marketdən pivə alıb yenidən içdim. Polislər mənə yaxınlaşıb sakit olmağımı istədilər. Cavab verdim ki, narahat olmayın, burdan gedin. Məni şöbəyə çağırsalar da, onlarla getməkdən imtina elədim”.

Göygöl Rayon Məhkəməsinin qərarı ilə Babayev 10 gün müddətinə həbs edilib.