BAKI, 23 oktyabr. TELEQRAF
Azərbaycan ilə Macarıstan arasında əməkdaşlıq gündən-günə dərinləşir, enerji sahəsində səmərəli tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Baş nazir Viktor Orbana ünvanladığı məktubda bildirib.
"Siyasi dialoqumuzun intensivliyi bütün sahələrdə qarşılıqlı fəaliyyətimizin yeni məzmunla zənginləşməsində mühüm rol oynayır. Beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətimizi ayrıca qeyd etmək istərdim. Bu il ərzində mənim Budapeştdə, Sizin isə Qəbələdə təşkilatın zirvə görüşlərində iştirakımız xalqlarımız və dövlətlərimiz arasında birliyin və həmrəyliyin daha da möhkəmlənməsinə, çoxtərəfli müstəvidə əlaqələrimizin genişlənməsinə verdiyimiz əhəmiyyətin göstəricisidir", - İlham Əliyev qeyd edib.