BAKI, 11 avqust. TELEQRAF
Azərbaycan Xarici İşlər Nazirliyi avqustun 8-də Vaşinqtonda keçirilən görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən paraflanmış “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin tam mətnini yayıb.
Teleqraf layihədə yer alan mühüm məqamları təqdim edir:
- Saziş layihəsinin ABŞ Prezidenti Donald Trampın təşkilatçılığı ilə cari ilin 8 avqust tarixində Vaşinqtonda baş tutmuş Sammit çərçivəsində paraflanması Azərbaycan və Ermənistan arasında Azərbaycan tərəfinin təşəbbüsü ilə başladılmış normallaşma prosesində əlamətdar hadisə və mühüm bir mərhələdir;
- Paraflanma beynəlxalq hüquqi sənədlərin razılaşdırılması çərçivəsində onların imzalanmasından öncə bir mərhələ hesab edilir. Bu, mahiyyət baxımından tərəflərin danışıqlar yolu ilə razılaşdırılmış mətn üzrə müzakirələri yekunlaşdırmaq iradəsini ifadə edir. Qeyd edilməlidir ki, paraflama sazişin imzalanması deyil, bu istiqamətdə keçirilən vacib bir mərhələ kimi dəyərləndirilməlidir;
- Sazişin imzalanması əvəzinə məhz paraflanması Azərbaycan tərəfinin bu kontekstdə irəli sürdüyü mövqeyin, xüsusilə Ermənistan konstitusiyasında zəruri dəyişikliyin edilməsi zərurəti ilə bağlı mövqeyinin ardıcıllığı və prinsipiallığını ortaya qoyur. Bu həm də Azərbaycanın bu mövqeyinin Sammitə və bu kontekstdə tərəflər arasında bir neçə ay ərzində müzakirələrə təşkilatçılıq etmiş ABŞ başda olmaqla, beynəlxalq birliyin Azərbaycanın haqlı mövqeyinə anlayışla yanaşdığının nümunəsi kimi qiymətləndirilməlidir;
- Təsadüfi deyil ki, Vaşinqton Sammitinin yekununa dair imzalanmış və ABŞ Prezidenti D.Trampın şahid qismində imza qoyduğu Birgə bəyannamədə də sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsi ehtiyacı təsdiq edilmişdir;
- Bu kontekstdə, Vaşinqton sammitinin yekunları ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən bəyan edildiyi kimi, hazırda sazişin imzalanması üçün tələb olunan Ermənistanın konstitusiya dəyişikliyi ilə bağlı öz “ev tapşırığını” yerinə yetirməsidir;
- Saziş layihəsinin artıq ictimaiyyətə açıqlanmış mətninin təhlili bu sazişin məhz Azərbaycan tərəfinin irəli sürdüyü gündəlik əsasında tərtib edildiyini göstərir. Məlum olduğu kimi, sazişin ilkin layihəsi hazırlanmadan öncə Azərbaycan tərəfi məlum beş əsas prinsipi irəli sürmüşdü. Sazişin mətni bu prinsiplərin mətndə əks olunduğunu, mətnin bu prinsiplər əsasında tərtib edildiyini nümayiş etdirir;
- Təbii ki, Azərbaycan-Ermənistan münasibətləri kontekstində ən vacib əhəmiyyət kəsb edən məsələ bir-birinin suverenliyi və ərazi bütövlüyünün tanınması və bir-birinə qarşı ərazi iddialarının indi və gələcəkdə istisna edilməsi idi. Bu ən ümdə məqsəd saziş layihəsində birmənalı şəkildə öz əksini tapmışdır;
- Xüsusi diqqət tələb edən məqam ondan ibarətdir ki, saziş layihəsində (1-ci maddə) tərəflərin bir-birinin ərazi bütövlüyü və suverenliyinin keçmiş SSRİ dövründə müttəfiq respublikalar arasında mövcud olan inzibati xəttin beynəlxalq sərhədə çevrilməsi yanaşması ilə əlaqələndirilməsidir. Bu erməni tərəfinin uzun illər ərzində “Dağlıq Qarabağın” Azərbaycanın öz müstəqilliyini elan etməsindən əvvəl onun tərkibindən çıxması ilə bağlı əsassız iddiaları kontekstində xüsusi əhəmiyyət kəsb edir, sazişin digər tərəfi kimi Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü məhz SSRİ dövründə mövcud olan inzibati xətlər çərçivəsində tanımasını ifadə edir. Bununla, Qarabağın Azərbaycanın suveren ərazisi olması faktı Saziş vasitəsilə təsbit edilmiş olur;
- Bundan irəli gələrək, layihənin 2-ci maddəsində tərəflərin bir-birinə qarşı ərazi iddialarının olmamasının məhz yuxarıda qeyd edilən 1-ci maddə ilə əlaqələndirilməsi və şərtləndirilməsi də Ermənistanın Qarabağ bölgəsinə indi və gələcəkdə hər hansı iddia irəli sürməsini qadağan edir;
- 2-ci maddənin ikinci hissəsi isə yuxarıda qeyd edilən qadağanın yalnız bir dövlət kimi Ermənistana deyil, həm də onun ərazisində hər hansı bir fəaliyyətə tətbiq etməklə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı hər hansı bir addıma şərait yaradılmaması ilə bağlı Ermənistanın beynəlxalq hüquqi öhdəliyini müəyyən edir;
- Saziş layihəsində tərəflərin bir-birinə qarşı güc tətbiq etməmə və ya güc tətbiqi ilə hədələməmə öhdəliyi ilə yanaşı, öz ərazilərini üçüncü dövlətlərin digər tərəfə qarşı təcavüzü üçün istifadəyə yol verilməməsi müddəasının əks olunması mövcud regional reallıqlar və bölgədə olan hərbi mövcudluq kontekstində xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanda hər hansı bir üçüncü tərəfin hərbi mövcudluğu olmadığı halda, Ermənistanda hərbi mövcudluq olması fonunda, bu öhdəliyin layihədə əks olunması təsadüfi hesab edilməməlidir;
- Eyni qaydada, saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrinin yerləşdirməməklə bağlı öhdəliyi xüsusi diqqət tələb edir. Məlum olduğu kimi, məhz bu element saziş layihəsində ən son mərhələyə kimi açıq qalan məsələlərdən biri idi və Ermənistan tərəfi müxtəlif bəhanələrlə bu müddəaya razılıq vermək istəmirdi;
- Sözügedən müddəa hazırda Ermənistan ərazisində yerləşdirilmiş Aİ-nin müşahidə missiyası (EUMA) kontekstində xüsusi əhəmiyyət kəsb edir və Ermənistan tərəfinin bu missiyanın fəaliyyətinə xitam vermək öhdəliyini ehtiva edir;
- Saziş layihəsində xüsusi diqqət tələb edən müddəalardan biri də sərhədlərin delimitasiyası və demarkasiyasına dair bənddir (7-ci maddə). Bu maddə də məhz Azərbaycan tərəfinin mövzu ilə bağlı prinsipial mövqeyini əks etdirir. Məlum olduğu kimi, Ermənistan tərəfi uzun müddət sərhədin delimitasiyasının hansısa əvvəlcədən müəyyən edilmiş xəritələr əsasında aparılması mövqeyindən çıxış edirdi. Bunun fonunda, sazişdə əks olunmuş sözügedən maddə delimitasiya prosesinin müvafiq komissiyalar arasında aparılacağını və ayrıca sazişlə tənzimlənəcəyini ehtiva edir;
- Saziş layihəsinə itkin düşmüş şəxslərlə bağlı xüsusi maddənin daxil edilməsi ayrıca vurğulanmalıdır. Burada xüsusilə, itkin düşmüş şəxslərlə bağlı məlumatların mübadilə edilməsi, onlara münasibətdə ədalətin təmin edilməsinin vacibliyinin vurğulanması münaqişə nəticəsində 4000-ə yaxın azərbaycanlının itkin düşməsi xüsusunda vacib elementdir. Bu müddəanın məhz Azərbaycan tərəfinin istəyi ilə layihəyə daxil edildiyi sual doğurmamalıdır;
- Sazişin 8-ci maddəsində separatizm məfhumunun qeyd edilməsi diqqəti cəlb edir. Qeyd edilməlidir ki, seperatizmlə mübarizənin hüquqi öhdəlik formasında ikitərəfli müqavilədə əks olunması ümumilikdə ilk haldır. Bu Azərbaycan-Ermənistan münasibətlərinin tarixçəsi baxımından xüsusi əhəmiyyətə malikdir və Ermənistanın separatizmin bütün təzahürləri ilə mübarizə ilə bağlı hüquqi öhdəliyini nəzərdə tutur və Azərbaycanın mövqeyinin layihədə əks olunması kontekstində əlavə bir nümunə təşkil edir;
- Saziş layihəsində diqqət tələb edən digər müddəa layihənin 11-ci maddəsində tərəflərin üçüncü tərəflərlə qüvvədə olan öhdəliklərinin bu sazişdən irəli gələn öhdəliklərə xələl gətirməməsi ilə bağlı müddəadır. Bu da məhz Ermənistan tərəfinin digər üçüncü tərəflərlə razılıqları və müqavilə öhdəlikləri kontekstində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, güc tətbiq etməmə ilə bağlı uzun müddətli təhlükəsizlik maraqları kontekstində xüsusi əhəmiyyət kəsb edir;
- Saziş layihəsinin 12-ci maddəsi Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü sual altına alan qanunvericilik aktları kontekstində dəyərləndirilməlidir. Burada birmənalı şəkildə daxili qanunvericilik aktlarının sazişdən irəli gələn öhdəliklərin icra edilməməsi üçün əsas təşkil etməməsi ilə bağlı beynəlxalq hüququn ümumi qəbul edilməsi norması məxsusi formada əks olunur;
- Sazişdə mümkün mübahisələrin həllinin məhz ikitərəfli komissiya vasitəsilə həllinə dair müddəa Azərbaycan tərəfinin ümumilikdə normallaşma prosesinin irəlilədilməsi, habelə saziş qüvvəyə mindikdən sonra da ikitərəfli münasibətlərə hər hansı üçüncü tərəfin kənar müdaxiləsinin qarşısının alınması ilə bağlı hüquqi zəmanət təşkil edir. Yada salınmalıdır ki, məhz Azərbaycan tərəfi ardıcıl olaraq bu mövqedən çıxış etmişdir və sazişin mətni Azərbaycanın bu mövqeyinin danışıqlar nəticəsində sazişin mətnində də aydın təsbit edildiyini bir daha göstərir;
- Saziş layihəsinin 15-ci maddəsi tərəflərin beynəlxalq hüquqi müstəvilərdə bir-birinə qarşı iddialarının geri götürülməsini ehtiva edir. Bu maddə Ermənistanın, eləcə də digər dövlət və ya qeyri-dövlət üçüncü tərəflərə Qarabağ kontekstində Azərbaycana qarşı iddialar irəli sürmək ehtimalını istisna edir;
- Nəzərə alınmalıdır ki, xüsusilə Ermənistan hakimiyyəti tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanındığına dair bəyanatların verilməsindən sonra Azərbaycana qarşı iddia və ittihamların digər üçüncü tərəflər, o cümlədən qeyri-hökumət təşkilatları vasitəsilə davam etdirilməsi riski mövcud idi. Bu da ermənilərin Qarabağa qayıdışı, mülkiyyət hüququ, mədəni irs və s. bu kimi iddialarla məsələləri beynəlxalq gündəlikdə saxlamaq, Azərbaycana münasibətdə daimi qaydada təzyiq yaratmaq ehtimalı doğururdu. 15-ci maddənin məzmununa nəzər saldıqda, burada həmin ehtimal nəzərə alınmaqla, yalnız Ermənistanın bir dövlət kimi Azərbaycana iddia qaldırmamaq öhdəliyinin təsbit olunması deyil, həm də hər hansı digər üçüncü tərəflərin bu kimi iddialarına hər hansı bir formada cəlb olunmamaq öhdəliyinin əks olunması aydın görünür. Beləliklə, bu müddəa Ermənistanın və onun havadarlarının Azərbaycana qarşı öz iddialarını davam etdirməsini bir mənalı şəkildə aradan qaldırmağa xidmət edir və bu baxımdan Azərbaycanın uzun müddətli perspektivdə təhlükəsizlik maraqlarının təmininə yönəlmişdir;
- Ümumilikdə saziş layihəsinin artıq paraflanmış və beləliklə danışıqlar üçün bağlanmış hesab edilən mətni Azərbaycanın nəinki keçmiş münaqişə kontekstində narahatlıqlarının hüquqi müstəvidə həllini təmin edir, eyni zamanda, uzun müddətli perspektivdə ölkəmizin təhlükəsizlik maraqları, suverenliyi və ərazi bütövlüyü ilə bağlı risk və təhdidləri kompleks şəkildə neytrallaşdırır.