BAKI, 21 may. TELEQRAF

İşğaldan azad olunmuş ərazilər ölkə ərazisinin təxminən 20 faizini əhatə edir və burada həyata keçirilən yenidənqurma prosesinin əsas məqsədi yalnız hüquqi və inzibati bərpa deyil, həm də müasir beynəlxalq standartlara uyğun şəhərsalma modelinin tətbiqidir.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad olunmuş ərazilərdə layihə idarə edilməsi üzrə şöbə müdiri Ramil Cahangirov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, layihələr dövlət qurumları ilə yanaşı, beynəlxalq şirkətlərin və yerli özəl sektorun iştirakı ilə icra olunur:

“İlkin mərhələdə şəhər və kəndlərin tamamilə yenidən planlaşdırılması, onların inkişaf istiqamətinin müəyyənləşdirilməsi və vahid memarlıq üslubunun formalaşdırılması əsas prioritetlərdən olub”.

O vurğulayıb ki, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarında həyata keçirilən layihələrdə fərqli memarlıq yanaşmaları tətbiq edilir və bu yanaşmalar ərazilərin təbii xüsusiyyətlərinə uyğunlaşdırılır:

“Kəlbəcərdə alp tipli memarlıq üslubundan istifadə olunub, Zəngilanda isə müasir konsepsiyalı sosial infrastruktur obyektləri inşa edilib”.