BAKI, 20 may. TELEQRAF
"Dünyada “urbanisid” (şəhərlərin qəsdən məhv edilməsi) anlayışı mövcuddur. Bu sahədə müxtəlif tədqiqatlar aparılıb. Məsələn, İsrail-Fələstin münaqişəsi kontekstində bəzi tədqiqatlar yaşayış məntəqələrinin, qaçqın düşərgələrinin və şəhər rayonlarının sistemli şəkildə dağıdılmasını araşdırır. Bu, urbanizasiyanın münaqişə vasitəsinə çevrilməsi kimi qiymətləndirilir".
Teleqraf xəbər verir ki, bunu London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) Coğrafiya və Ətraf Mühit üzrə tədqiqatçısı və Birləşmiş Millətlər Təşkilatı Ətraf Mühit Proqramının (UNEP) Afrikada suya həssas şəhərsalma üzrə məsləhətçisi Din Şarp WUF13 çərçivəsində Azərbaycan pavilyonunda təşkil olunan "Dirçəliş və Urbisid: Dayanıqlı şəhər inkişafı və davamlı icmalar" adlı tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, bu anlayış ciddi nəzəri çərçivəyə daxil edilməlidir:
"Hazırda mənim də üzərində çalışdığım mövzu ondan ibarətdir ki, niyə “urbanisid” anlayışını daha ciddi şəkildə nəzəri çərçivəyə daxil etməliyik. Amma onu da qeyd etmək lazımdır ki, “urbanisid” hələ hüquqi olaraq soyqırım kimi tanınmış bir anlayış deyil və həm akademik, həm də hüquqi səviyyədə bu konsept tam formalaşmayıb", - o qeyd edib.