BAKI, 20 may. TELEQRAF
"Bugünkü müzakirələrdə dünya ölkələrinin iqtisadiyyatından asılı olmayaraq üzləşdiyi əsas problemlərdən biri məişət tullantılarının idarə olunmasıdır. Ölkəmiz dinamik inkişaf edir, yeni istehsal müəssisələri yaradılır, insanların sağlamlığı və səhiyyə xidmətlərinə olan tələbat artır. Buna uyğun olaraq tullantıların həcmi də yüksəlir".
Teleqraf xəbər verir ki, bunu ekologiya və təbii dərvətlər nazirinin müavini Vüqar Kərimov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Plastik çirklənməsi ilə mübarizə: Yaşamaq üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" adlı tədbirdə deyib.
O qeyd edib ki, son dövrlərdə ölkəmizdə məişət tullantılarının idarə olunması istiqamətində mühüm addımlar atılıb.
"İqtisadiyyatın müxtəlif sahələrində qəbul edilmiş qanunvericilik təkmilləşdirilmiş, müasir infrastruktur yaradılmışdır. Balaxanı poliqonunun müasir standartlara uyğun şəkildə yenidən qurulması, çeşidlənən tullantıların emalı və yeni poliqonların yaradılması nəticəsində bu sahədə mühüm dəyişikliklər müşahidə olunur.
Eyni zamanda regionlarda və kənd yaşayış məntəqələrində tullantıların idarə olunması üçün aidiyyəti qurumlarla birgə işlər aparılır. Tullantıların təkrar emal müəssisələrinə yönləndirilməsi istiqamətində tədbirlər görülür. Dövlət-özəl tərəfdaşlığı platformasında da fəaliyyət genişləndirilir".