BAKI, 19 may. TELEQRAF

Qarabağın bərpası Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr üçün müasir şəhərsalma modeli rolunu oynaya bilər.

Teleqraf xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, Qarabağda, xüsusilə Şuşada aparılan sürətli bərpa və yenidənqurma işləri diqqət çəkir:

“Qarabağın bərpasında TDT-yə üzv ölkələr - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, eləcə də Macarıstan iştirak edir. Burada məktəblər, mədəniyyət mərkəzləri, məscidlər və digər sosial obyektlər inşa olunur. Azərbaycan da bölgəyə böyük investisiyalar yatırır. Qısa müddətdə görülən işlər bunu açıq şəkildə göstərir”.

Baş katib qeyd edib ki, Türk dövlətlərində “ağıllı şəhər” konsepsiyası sürətlə inkişaf edir və bu istiqamətdə ortaq layihələr həyata keçirilir:

“Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanda yeni şəhərsalma layihələri, tullantıların emalı zavodları, universitetlər və digər müasir infrastruktur layihələri reallaşdırılır”.

Kubanıçbek Ömüralıyev əlavə edib ki, WUF13 çərçivəsində qurulan pavilyonlarda da Türk dövlətlərinin həyata keçirdiyi innovativ şəhərsalma layihələri nümayiş olunur.