BAKI, 19 may. TELEQRAF

Dayanıqlı şəhərlərin inkişafı üçün ətraf mühit sahəsində əməkdaşlığın gücləndirilməsi vacibdir.

Teleqraf xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.

O qeyd edib ki, iqlim dəyişikliklərinə uyğunlaşma, təbii fəlakət risklərinin azaldılması, enerji səmərəliliyi, dayanıqlı nəqliyyat və yaşıl şəhərsalma gələcək regional təşəbbüslərin əsas istiqamətləri olmalıdır:

“Bu yanaşma artıq region ölkələrində həyata keçirilən layihələrdə öz əksini tapır. Azərbaycanda Qarabağ və Şərqi Zəngəzurda icra olunan “ağıllı kənd” və “ağıllı şəhər” layihələri, Qazaxıstanda Alatau və Astananın yüksək texnologiyalar əsasında inkişafı, eləcə də Qırğızıstanda dayanıqlı dağ urbanizmi üzrə rəqəmsal monitorinq təşəbbüsləri buna nümunədir”.

TDT Baş katibi vurğulayıb ki, üzv dövlətlər arasında şəhərsalma, məkan planlaşdırılması və dayanıqlı inkişaf sahələrində texniki əməkdaşlığın gücləndirilməsi məqsədilə memorandum imzalanıb.

O həmçinin qeyd edib ki, BMT-nin Məskunlaşma Proqramı – UN-Habitat ilə 2026–2027-ci illəri əhatə edən yeni əməkdaşlıq fəaliyyət planı hazırlanır.