BAKI, 18 may. TELEQRAF

"Sülh, siyasi sabitlik və son iki onillikdə davamlı iqtisadi artım sayəsində Kamboca orta gəlirli cəmiyyətə doğru irəliləyir. Bu isə əlbəttə ki, yeni Kambocanın qurulması üçün bizə yeni imkanlar yaradıb".

Teleqraf xəbər verir ki, bu barədə Kamboca Krallığının Baş nazirinin müavini, torpaq idarəetməsi naziri Say Sam Al Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi çərçivəsində Liderlər Sammiti zamanı bildirib.

O qeyd edib ki, Kamboca iqtisadiyyatın şaxələndirilməsinə və daha peşəkar işçi qüvvəsinin formalaşdırılmasına diqqət yetiririk:

“Bunu edirik ki, insanlar çalışsın, dolanışığını təmin etsin, ailəsində kifayət qədər ərzaq olsun, uşaqlar məktəbə getsin və insanlar normal həyat yaşaya bilsinlər.

Biz həmçinin Kambocanın bütün şəhərlərində əsas prinsipləri, infrastrukturu və xidmətləri standartlaşdırırıq. Şəhərlərimizi daha dayanıqlı və davamlı etməyə çalışırıq. Yerli idarəçilərə daha çox səlahiyyət və məsuliyyət veririk, düzgün büdcələşmə mexanizmləri tətbiq edirik, keyfiyyətli məkan planlaşdırılması həyata keçiririk, tərəfdaşlıqları və təməl infrastrukturu gücləndiririk.

Biz rəqəmsal infrastruktura investisiya yatırır, tullantıların idarə olunmasını və sanitariya sistemlərini yaxşılaşdırır, nəqliyyat axınını, ictimai nəqliyyatı, ictimai asayişi və təhlükəsizliyi inkişaf etdiririk. Eyni zamanda universal təhsil və səhiyyə, incəsənət və mədəni fəaliyyətlərə dəstək verir, əlçatan və inklüziv ipoteka proqramlarını genişləndiririk”.

O əlavə edib ki, Kamboca yaxın gələcəkdə qeyri-rəsmi yaşayış məntəqələrini tamamilə aradan qaldırmağa ümid edir.