BAKI, 7 oktyabr. TELEQRAF
“Ukraynada əsir və itkin şəxslərlə bağlı məlumatlar daim dəyişir. Meyitlərin bəzən yanmış və çürümüş vəziyyətdə tapılması onların eyniləşdirilməsi prosesini xeyli çətinləşdirir”.
Teleqraf xəbər verir ki, bu sözləri Ukrayna Daxili İşlər Nazirliyinin nümayəndəsi Artur Dobroserdov "Bakı Dialoqu" çərçivəsində keçirilən "İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda IV Beynəlxalq Konfransın panel sessiyasında deyib.
O, itkin düşmüş şəxslər məsələsində səslərinin beynəlxalq aləmdə eşidilməsinin vacibliyini vurğulayıb:
"Bizim üçün səsimizin eşidilməsi çox önəmlidir. Çünki itkin düşmüş hər bir şəxsin hekayəsinin arxasında gözləməyə, axtarmağa və cavab almağa ümid edən bir ailə dayanır. Şuşa Qlobal Media Forumu zamanı ukraynalı jurnalistin sualını cavablandırarkən Prezident İlham Əliyev bildirmişdi ki, işğalla heç vaxt barışmaq olmaz. Mən də bu haqlı mövqeyi tamamilə bölüşürəm. Əminəm ki, Ukrayna xalqının azadlıq, ərazi bütövlüyü və sülh hüququna hörmətlə yanaşılmalı, bu hüquq tam təmin olunmalıdır".